DİQQƏT: Əfv sərəncamı olacaq?
15:24 Daxili siyasətBu ilin sonunda Azərbaycanda əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, növbəti əfv sərəncamı əvvəlkilərdən fərqli olacaq. Belə ki, ölkə başçısının əfv sərəncamına həbsdəki ictimai-siyasi fəallardan, həmçinin jurnalistlərdən bir neçəsinin adının daxil ediləcəyi bildirilir. Hətta oktyabrın 7-dən etibarən cəzaçəkmə müəssisələrində bir neçə siyasi məhbusa əfv ərizəsi yazmaq barədə tövsiyə olunduğu da iddia olunur.
Bu barədə gununsesi.info məlumat yayıb.
Sayt adlarının açıqlanmasını istəməyən bəzi məhbus ailələrinin məlumatı təsdiqlədiyini bildirir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Musavat.com-a deyib ki, əfvə hər zaman ehtiyac var:
"Hazırda həbsxanalarda çoxlu xəstə məhbuslar var. 1-2 il həbs cəzaları qalanları xüsusi qeyd edim ki, onları azad etmək olar. Siyasi motivlə həbsdə olanlar da var. Xüsusilə, gənc jurnalist xanımlar var, onların hamısını azadlığa buraxmaq lazımdır. Hazırda ölkəmiz qardaş Türkiyə istisna, hər tərəfdən düşmənlərlə əhatə olunub. Hamımızın bir yerdə olmasına böyük ehtiyac var. Dövlətimizi qorumaq hər birimizin borcudur. Qorumaq üçün də bir-birimizə doğru addım atmalıyıq. Bütün bunlardan çıxış edərək deyə bilərəm ki, indiki vaxtda əfv sərəncamı olduqca vacibdir".
Qeyd edək ki, sonuncu əfv sərəncamı cari ilin mayında - 28 May - Respublika Günü münasibətilə verilib.