KOBİA Vaşinqtonda ABŞ şirkətlərini Azərbaycanın biznes və investisiya imkanları barədə məlumatlandırıb - FOTO
8 İyul 2022 14:46 BiznesKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub. Səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra tədbirlərdə iştirak edib, ABŞ-ın sahibkarlıqla bağlı müxtəlif qurumlarında görüşlər keçiriblər.
Belə ki, Vaşinqtonda "Azərbaycanla biznes qurmaq: ABŞ və Azərbaycan biznesləri üçün imkanlar və təşviq proqramları" mövzusunda Dəyirmi Masa təşkil olunub. ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilatçılığı, Azərbaycanın ABŞ-dakı Səfirliyinin iştirakı ilə keçirilmiş tədbirdə ABŞ şirkətləri, maliyyə institutlarının, beyin mərkəzlərinin, ABŞ-ın Ticarət Departamentinin, Kiçik Biznes Administrasiyasının nümayəndələri iştirak ediblər. Tədbirdə təqdimatla çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın əlverişli biznes və investisiya mühiti, o cümlədən Qarabağın biznes potensialı, ölkəmizdə yerli və xarici iş adamları üçün yaradılmış imkanlar, bu sahədə qanunvericilik, dəstək tədbirləri və güzəştlər, biznesin qeydiyyatı prosesinin elektronlaşdırılması, rezidentlər üçün əlverişli imkanlar təklif edən sənaye parkları və məhəllələri, eləcə də KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib. Olaylar xəbər verir ki, Kiçik Biznes üzrə Beynəlxalq Şuranın - ICSB Dünya Konqresi çərçivəsində keçirilmiş "Sahibkarlıq inqilabı - gələcək" mövzusunda paneldə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznesin inkişafına, sahibkarlıq sahəsində yeni trendlərə, Agentliyin fəaliyyətinə, KOB-lara göstərilən dəstək və xidmətlərə dair məlumat verib. Qeyd edək ki, KOBİA 2021-ci ildən ICSB-nin üzvüdür. Beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyən, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edən ICSB sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirir.
KOBİA rəhbərliyi həmçinin, Xəzər Siyasəti Mərkəzi tərəfindən təşkil olunmuş görüşdə iştirak edib və Azərbaycanın regiondakı aparıcı rolu, ölkə iqtisadiyyatı, əlverişli biznes və investisiya potensialı, o cümlədən işğaldan azad edilmiş Qarabağda biznes imkanları, KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib.
Səfər çərçivəsində KOBİA-a sədri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administratorunun köməkçisinin müavini Aleksandr Sokolovski və Harry Bader, ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Beynəlxalq maliyyə layihələri direktoru Tara Blake, Qlobal Sahibkarlar Şəbəkəsinin direktoru Conatan Ortmans, Dünya Bankının icraçı direktoru Katarzyna Zajdel Kurovska, KOB Maliyyə Forumunun Biliklərin idarə edilməsi üzrə rəhbəri Kristina Kuşnir, ABŞ-ın Beynəlxalq Ticarət Administrasiyasının direktoru Metyu Edvards və Kiçik Biznes Administrasiyasının Ticarət siyasəti ofisinin direktoru Kristin Braun ilə görüşüb. Görüşlərdə müvafiq qurumlarla birgə əməkdaşlığa, ABŞ və Azərbaycan KOB-ları arasında əlaqələrin genişləndirilməsinə, KOB-lara dəstək məqsədilə birgə layihələrin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.