KOBİA və Misirin müvafiq təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
25 Fevral 2022 14:34 BiznesBu gün Bakıda keçirilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-dan "Olaylar"a bildirilib ki, sənədi Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə edir. Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.