Yaradıcı sənayedə biznes imkanları müzakirə edilib

İqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada dinamik inkişaf edir. Ədəbiyyat, dizayn, musiqi və teatr, memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları genişdir. KOBİA-dan "Olaylar"a bildirilib ki, ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini müzakirə etmək məqsədilə "Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları" mövzusunda ictimai müzakirə təşkil olunub. Mədəniyyət Nazrliyinin, Əqli Mülkiyyət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin yaradıcı sənaye sahəsində biznes potensialının müzakirə olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin dinlənilməsi və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iqtisadiyyatın bir sahəsi olan yaradıcı sənayenin qlobal miqyasda sürətlə inkişaf edərək prioritet sektorlardan birinə çevrildiyini və bu sahəyə böyük marağın olduğunu bildirib. Qeyd olunub ki, yaradıcı sənayenin inkişafı istiqamətində nazirliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə bu sahədə yaxşı təcrübənin və sektorun problemlərinin öyrənilməsi, satış platformalarının yaradılması və digər istiqamətlərdə işlər aparılır.

Tədbirə onlayn formatda qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təqdimatında Agentliyin müvafiq sahədə fəaliyyəti barədə məlumat verib, əqli mülkiyyət və kreativlik anlayışlarının sıx təmasda olduğunu, kreativ sənayenin və müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də payının artdığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31