Tərkibində qurğuşun olan boyaların qarşısını necə almalı?

"Ruzgar" Ekoloji İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsi ilə birgə "Qurğuşunlu Boyalardan İmtina Edək: Uşaqlarımızın Sağlamlığını qoruyaq" adı altında dəyirmi masa keçirdi. "Orxus" Mərkəzində baş tutan tədbirdə birliyin rəhbəri, professor İslam Mustafayev "Qurğuşunlu boyaların insan sağlamlığına və ətraf mühitə təsiri" mövzusunda danışdı. O, bildirdi ki, istehsal olunan boyaların əksəriyyitinə qurğuşun qatılır. Professorun sözlərinə görə, qurğuşunun boyaya qatılması sənayenin inkişafını yüngülləşdirir: "Bazara insan sağlamlığına təsir edən məhsulun buraxılması qadağan olunmalıdır. Ən yüksək sənaye inkişafına nail olan ölkələr evlərin, məktəblərin və kommersiya binalarının interyer və eksteryerində istifadə olunan dekorativ boyalarda qurğuşun birləşmələrinə nəzarət etmək məqsədilə  1970-ci və 1980-ci illərin əvvəllərində qanunlar və ya normativ aktlar qəbul edilib. Bir çox ölkələrdə həmçinin uşaqlara təsir edə biləcək boya işləri zamanı istifadə edilə biləcək digər kateqoriyadan olan boyalarda qurğuşun birləşmələrinə nəzarət  etmək məqsədilə tədbirlər müəyyənləşdiriblər. Həmin tənzimləyici tədbirlər tərkibində qurğuşun olan boyaların uşaqların qurğuşun birləşmələri ilə zəhərlənməyə məruz qalmasının əsas mənbəyi olduğu və uşaqlarda qurğuşun birləşmələri ilə zəhərlənmənin əsas mənbəyinin tərkibində qurğuşun olan boyalar olduğu və bu cür zəhərlənmələrin xüsusilə uşaqlarda inkişaf etməkdə olan beyin və sinir sisteminə ciddi zərər vurduğuna dair elmi və tibbi tapıntılar əsasında qəbul edilib". Bildirilib ki, Dünyada boyaya qatılan qurğuşunun miqdarı 90 ppm qəbul edilib. Nisbətən zəif inkişaf etmiş ölkələrdə isə bu göstərici 600 ppm-dir. Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda "Ruzgar" tərəfindən monitorinqlər aparılıb. Və bu məqsədlə 30 nümunə üzərində yoxlama aparılıb. Nəticədə 30 nümunədən 23-də normadan yuxarı qurğuşun olduğu müəyyənləşdirilib. 20 numunədə göstərici 600-dən yuxarı, 90 ppm norma olduğu halda 2600 ppm, həta nümunələrin 7 faizində 10 min ppm-dən yuxarı qurğuşun aşkarlanıb.   Bu məsələ ilə bağlı birlik tərəfindən Səhiyyə Nazirliyinə müraciət olunub. Nazirlikdən bildirilib ki,  qanunvericilik olmadığından adı keçən problemlə bağlı yalnız sovet dövründə monitorinq aparılıb. Tədbirdə bu sahədə qanunvericiliyin qəbul olunmasının vacib olduğu bildirildi. Bu yolla bu cür məhsulları qadağan etmək olar. Eləcə də əhali arasında bu sahədə maarifləndirmənin aparılmasının əhəmiyyəti vurğulanıb.

Aygün  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31