Saakaşvili gürcü deputatların Bakı aeroportunda saxlanılmasından DANIŞDI: “Kənardan çox pis görünür”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstanın indiki hakimiyyətini hədələyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, M. Saakaşvili lideri olduğu Vahid Milli Hərəkatı Partiyasının üzvləri ilə Kiyevdə keçirdiyi görüşdə rəsmi Tiflisin siyasətini tənqid edib. Keçmiş dövlət rəhbəri bildirib ki, Gürcüstan iqtidarı siyasi opponentləri ilə yaxşı davranmasa, bunun axırı yaxşı bitməyəcək. Saakaşvili iddia edir ki, Gürcüstan hakimiyyəti onun lideri olduğu partiyaya qarşı təzyiqlər göstərir.O, Bakı aeroportunda deputatlar İrma Nadiraşvili və Zurab Caparidzenin saxlanılması barədə iddiları da əsas gətirərək Marqvelaşvili administrasiyasını ittiham edib.  "Gürcüstan hakimiyyətinin belə hərəkətləri kənardan çox pis görünür",-deyə M. Saakaşvili bildirib.Qeyd edək ki, bir müddət öncə Vahid Milli Hərəkatın Gürcüstan parlamentində təmsil olunan deputatları İrma Nadiraşvili və Zurab Caparidzenin Bakıda beynəlxalq hava limanında saxlanılması barədə məlumat yayılmışdı. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşinedze bildirmişdi ki, deputatlar gömrük bəyannaməsindəki valyutaları gizlətdiyi üçün hava limanında saxlanılıblar.İddiaya görə deputatlar 1 milyon dollar və elektroşok cihazlarına görə saxlanılıblar. Lakin adıçəkilən deputatlar bunu təkzib edərək deyilənlərin həqiqət olmadığını bəyan edib. Deputatlar bunu Gürcüstan hakimiyyətinin onlara qarşı təxribatı kimi qiymətləndirib və qeyd ediblər ki, yoxlama çox çəkdiyi üçün sadəcə olaraq təyyarəyə gecikiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31