Zəlimxan Yaqub daha bir mükafata layiq görülüb
31 Mart 2014 14:43 MədəniyyətTəkcə Azərbaycanda deyil, bütün Türk dünyasında məşhur olan və əsərləri sevilə-sevilə oxunan xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub indiyədək bir sıra mükafatlara layiq görülüb. Bu təltiflərin nominasiyalarının müxtəlifliyi kimi, onu mükafata layiq görən ölkələrin coğrafiyası da genişdir. Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin, xüsusilə də türkdilli dövlətələrin bir sıra yüksək ödüllərinə layiq görülən xalq şairinin beynəlxalq mükafatları sırasına bu günlərdə biri də əlavə olunub. Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlundan aldığımız məlumata görə, Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə "NAZİM HİKMƏT" Beynəlxalq Ədəbiyyat Ödülü ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.
Ona verilən bu mükafatı yüksək dəyərləndirən və Türk ədəbiyyatı qarşısındakı xidmətlərini qiymətləndirdiyinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsinə minnətdarlığını bildirən Zəlimxan Yaqub demişdir: "İndiyədək bir sıra Beynəlxalq mükafatlarla təltif olunmuşam. Ancaq böyük Türk şairi Nazim Hikmətin adıyla bağlı olan bu mükafat mənim üçün daha qiymətlidir. Bu mükafat mənim türk ədəbiyyatı qarşısında bu günədək olan xidmətlərimə verilən yüksək qiymət olmaqla yanaşı, həm də üzərimə böyük məsuliyyət qoyur, yeni-yeni əsərlər yaratmağa sövq edir".