Hesablama Palatası “2012-ci il dövlət büdcəsinin icrası haqqında” qanuna rəy verdi
22 May 2013 17:25 SosialHesablama Palatasının 2013-cü il 21 may tarixində keçirilən kollegiya iclasında "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi" geniş müzakirə edilərək təsdiq olunub. Rəyin Azərbaycan Respublikası Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb. Palatadan "Olaylar"a verilən məlumata görə, eyni zamanda, kollegiya iclasında Qusar rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Turizm İnstitutuna ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası üzrə auditlərin nəticələrinə dair Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb. İclasda, həmçinin, Şəmkir və Gədəbəy rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan istifadə vəziyyətinə dair Audit proqramı da təsdiq edilib.