“Qanunlarda insanların şərəf və ləyaqətinin tapdanması həmişə cinayət kimi qalacaq”

Əli Həsənov: “İnsanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir”

Azərbaycan Hüquqşünaslar Konfederasiyası (AHK), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə "İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri" mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə çıxış edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mövzunun əhəmiyyəti haqqında danışaraq bildirib ki, ictimaiyyət arasında adıçəkilən qanunun müzakirəsi zəruridir. O, bütün tərəflərin bu müzakirələrdə dinləniləcəyini deyib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Diffamasiya haqqında" qanun layihəsinin hazırlanması, əhəmiyyəti, beynəlxalq qurumların bu məsələdəki mövqeyinə dair tədbirdə çıxış edib. O, Azərbaycan hökumətin qanun və onun icrası ilə bağlı mövqeyini də açıqlayıb: "Diffamasiya haqqında" qanunun hazırlanması ilə bağlı neçə illərdir ATƏT-in Bakı Ofisi ilə fikir mübadiləsi aparırıq. Hazırda əlimizdə olan mövcud layihəni ATƏT-in Venesiya Komissiyası ilə razılaşdırma ərəfəsindəyik". Əli Həsənov deyib ki, Azərbaycan cəmiyyətində bəzən bu qanunun qəbul olunması təşəbbüsünün mahiyyətini anlamırlar: "Təəssüf ki, bəzən bu qanunun qəbulu təşəbbüsünü düzgün olmayan şəkildə izah edirlər. Xüsusilə də bu sahə ilə məşğul olan media təşkilatlarını nəzərdə tuturam. "Diffamasiya haqqında" qanuna Azərbaycanda fəaliyyət göstərən peşəkar, məsuliyyətli, peşəsinə sayğı ilə yanaşan jurnalistlər üçün əlavə yaradıcılıq imkanı kimi baxırıq. Bu qanun peşə şərəfini qoruyan jurnalistlərin fəaliyyətini daha da genişləndirmək məqsədi daşıyır. Elə təbliğat aparılmamalıdır ki, sanki qanunun qəbulundan sonra Azərbaycan cəmiyyətində kim kimi istəyir, necə istəyir təhqir edə, şərəf və ləyaqətini alçalda bilər. Bu tamamilə yanlış fikir və təqdimatdır. Qanunlarımızda insanların şərəf və ləyaqətinin tapdanması cinayət kimi həmişə qalacaq, bu, cəmiyyətin, qurduğumuz dövlətin əsas prinsiplərindən biridir. Çünki insanlar kiminsə şərəfini tapdaladığına görə məsuliyyətini bilməlidir. Məsuliyyət nə qədər sərt olarsa, bizim cəmiyyət üçün bir o qədər keçərli olacaq".

Əli Həsənovun sözlərinə görə, "Diffamasiya haqqında" qanunun qəbulu azad sözə geniş imkan yaratmaq məqsədi daşıyır: "Bəziləri Milli Məclisdə şərəf və ləyaqətin təhqirinə görə cəzanın ağırlaşdırılmasını mətbuat və söz azadlığının sərtləşdirilməsi kimi təqdim edirlər. Qətiyyən belə deyil. Azərbaycanda mətbuat və söz azadlığının təminatı tamam başqa qanunla həyata keçirilir. Mətbuat, teleradio haqqında qanunlar var və jurnalistika ilə Jurnalistlərin Peşə Etikası Kodeksi var. Bu prinsiplərə əməl edən hər bir jurnalist istənilən sahəyə müdaxilə edə bilər, informasiya toplaya, yaya, təhlil edə bilər. "Diffamasiya haqqında" qanun da ona yönəlib ki, bəzən jurnalistlər bilərəkdən və ya bilməyərəkdən informasiya yanlışlığına yol verirlər. Qanun ona görə qəbul olunur ki, bu insanlar dərhal cinayət məsuliyyətinə cəlb olunmasın, məhkəmə qarşısına çıxmasın, onlarla bağlı inzibati tədbir görülsün". 

Tədbirdə USAİD-in Azərbaycan demokratiya və idarəçilik ofisinin direktoru Ronald Qlass , Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əli Hüseynli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə ölkə nümayəndəliyinin rəhbəri Robert Stir, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay və digərləri mövzu ilə bağlı məruzə ediblər.

Koray Tarqay bildirib ki, ATƏT-in təməl prinsipləri arasında media və söz azadlığı əsas yer tutur: "İllərdir bu məsələ Azərbaycanda müzakirə edilir. Hesab edirəm ki, Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bu məsələni diqqətdə saxlamaq vacibdir". K. Tarqay ATƏT-in Bakı Ofisinin bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqların davam etdiriləcəyini qeyd edib: "Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir". Tədbirdə insan hüquqları təminatı məsələləri üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti strukturlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək barədə diskussiyalar aparılıb.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31