Cavad xanın qəbri haradadır?

Nazir Əhmədli, kimya üzrə fəlsəfə doktoru

Gəncəli Cavad xanın rus işğalçılarına qarşı əlində silah vuruşaraq qəhrəmancasına həlak olmasından 215 il keçir.

Azərbaycanlı müəlliflərin yekdil fikrinə gərə, "Gəncədə  I Şah  Abbas tərəfindən tikilmiş məşhur  Cümə məscidində dəfn olunan Cavad xanın məzarı 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında dağıdılıb. Lakin vətənpərvərlər Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayıb və artıq 1990-cı ilin 27 martında öz əvvəlki yerində torpağa tapşırıblar. Xoşbəxtlikdən, həmişə elmi axtarışlarda olan Məşədixanım Nemətova arxivdən Cavad xanın qəbirüstü abidəsinin foto-surətini tapa bilib. Və təcili olaraq, həmin şəkildəki məzarın mərmərdən yonulmuş oxşarı hazırlanıb və onun üzərində gözəl nəstəliq xətti ilə fars dilində aşağıdakı sözlər həkk olunub:

"Bu məzarda Gəncə bəylərbəyisi  Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur.

...Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü. Ondan sonra bu məqbərədə dəfn olundular. O fatehin nəsli və ailəsi" (Ə.Çingizoğlu. Zyadoğlu-Qacarlar (Ziyadxanovlar).Bakı:2017, səh.152-153).

Bu versiyada şübhə doğuran məqamlar var.

Birincisi, mərhumun nəşinin qalıqlarını 1962-ci ildən keçən 28 il ərzində "qoruyub saxlayan vətənpərvərlər" kimdir?  İkincisi, həmin şəxslər haradan bilirdilər ki, tezliklə elə bir gün gələcək ki, Cavad xan azadlıq mücahidi kimi tanınacaq və qəbri bərpa ediləcək? Və onlar da "gizlətdikləri qalıqları" bərpaçılara təqdim edəcəklər? Üçüncüsü, nəşin qalıqlarını dəfn etmədən haradasa gizləyib saxlamaq günah  deyilmi? Dördüncüsü, 1962-ci ildə olmasa da, hal-hazırda DNT analizi ilə həmin nəşin Cavad xana mənsub olub-olmadığını asanlıqla müəyyən etmək mümkündür. Nəhayət, beşincisi, Cavad xanın qəbrinin bərpa edilməsi zamanı mərhum professor M.Nemətovanın istifadə etdiyi fotoşəkil hansı arxivdə və hansı fondda saxlanılır? Şəxsən bu sətirlərin müəllifi həmin şəkli görməyi çox istərdi.

Nəşri ilə məşğul olduğumuz Kameral siyahıların üzərində  işləyərkən, 1812-ci ildə Qafqazdakı rus qoşunlarının Ali baş komandanı Markiz Pauliççinin Qacar qoşunlarının Qafqazdakı Ali baş komandanı, İran taxt-tacının vəliəhdi Abbas Mirzəyə yazdığı bir məktub diqqətimizi çəkdi:

"Markiz Pauluççinin Abbas Mirzəyə 20 fevral 1812-ci il tarixli, 161 nömrəli məktubu. Yelizavetpol şəhəri.

Gürcüstan və ona birləşdirilən ərazilərin idarəsinə başlayarkən, Yelizavetpolda mərhum Cavad xanın ailəsini tapdım.  Öz ölkəsinə sədaqətlə xidmət edən adamlara ehtiram göstərilməsi ənənələrinə sadiq qalaraq, bu ədaləti Cavad xana da göstərirəm. Çünki o şəhəri müdafiə edərkən topun üzərində, əlində silah həlak olmuşdur. Öz hisslərimin sübutu, Siz əlahəzrətə olan xüsusi ehtiramımın əlaməti olaraq Cavadxanın ailəsinə İrandakı malikanəsinə getməyə və Cavad xanın və oğlu Hüeynqulu ağanın nəşlərini də özləri ilə aparmağa icazə verdim" (AKAK, Т. 5, док.167).

1804-cü il yanvarın 3-də Cavad xan Gəncə qalasının alındığı gün, rus 17-ci yeqer polkunun kapitanı Kalovski tərəfindən öldürülmüş, onun özü isə qala müdafiəçiləri tərəfindən öldürülmüşdür (Э.Бабаев.Из истории Гянджинского ханство. Баку:2003, стр.69).

Markiz Pauluççi Cavad xanın nəşi və ailəsi ilə bağlı verdiyi cəsarətli qərarı öz hökumətinə belə izah etmişdi:

"Markiz Pauluççinin qraf Rumyantsevə 7 aprel 1812-ci il tarixli, 103 nömrəli məktubu.

Yelizavetpol qalasına baxış keçirərkən, buraya hücum zamanı öldürülmüş qala sahibi Cavad xanın ailəsini ‒ onun arvadlarını, qızlarını və kiçik yaşlı bir oğlan nəvəsini aşkar etdim. Onlar 1804-cü ildən qalada xüsusi hərbi nəzarət altında saxlanılırdılar, İmperator həzrətlərinin xəzinəsinə böyük və gərəksiz yük idilər. Mən onları azad edib arzu etdikləri kimi İrana getmələrinə icazə verdim. Məni bu cür qətiyyətli qərar qəbul etməyə vadar edən səbəb heç bir günahı olmayan qadınların həbsdə saxlanmasının və onlardan qorxmağımızın bizə yaraşmayan bir hərəkət olması, xəzinəni lazımsız xərclərdən azad etmək və Cavad xan ailəsinin İrana getmiş kişi üzvlərinin onlardan imtina etməməsi oldu. Bu fürsət mənim İran taxt-tacının varisi Abbas Mirzə ilə əlaqə yaratmağım üçün fürsət də oldu və ona məktub yazdım. Yeri gəlmişkən, Cavad xanın arvadlarından biri ‒ Bacı xanım indiki Qarabağ xanının qohumlarından birinin arvadı olan qızının yanında, Qarabağda qalmaq istədi və ona icazə verdim. İrana gedənlər isə Cavad xanın arvadı Şükufə xanım, onun ayrı-ayrı arvadlarından doğulan qızları Xatun bəyimlə Balaca bəyim, nəvəsi Müsahib ağa, onun anası Tuti (xanım), Cavad xanın oğlu Uğurlu ağanın qızı və onların üç qulluqçusudur"(АКАК, Т.5, док.169).

Cavad xanın ailəsinin İrana getməsini İrəvan Sərdarı Hüseynqulu xan da təsdiqləyir:

"İrəvanlı Hüseynqulu xanın Kaxet, Kızık, Araqva knyazlarına, zadəganlara, ümumiyytlə bütün xalqa 19 may 1812-ci il tarixli məktubu.

...eşitdik ruslar şayiə buraxıb ki, guya Şahzadə[1] rusların yanına barışıq üçün nümayəndə göndərib. Bu, tamamilə yalandır, belə ki, Markiz[2] yelizavetpollu Cavad xanın ailəsini Şahzadəyə göndərmiş və (sülh üçün) xahiş etmiş, Böyük Şahzadə isə ona bir tacir vasitəsilə cavab məktubu göndərmişdir. Lakin orada sülh haqqında heç nə yoxdur"(AKAK, Т. 5, док.422).

Beləliklə, Sərdar Hüseynqulu xanın məktubu Cavad xanı ailəsinin Markiz Pauluççi tərəfindən azad edilmiş üzvlərinin artıq İranda olduğunu göstərir. Abbas Mirzəyə yazdığı məktubda Markiz Pauliççinin Cavad xanın nəşinin də İrana aparılmasına icazə verdiyi bildirilir, amma onun Rusiyanın xarici işlər naziri qraf Rumyantsevə yazdığı məktubda və Sərdar Hüseynqulu xanın gürcü zadəganlarına müraciətində Cavad xanın nəşinin İrana aparılıb-aparılmamasına toxunulmur. Cavad xanın nəşi İrana aparılıbmı? Fikrimizcə, aparılıb. Çünki əvvəla, Cavad xanın Abbas Mirzənin yanına gedən ailəsi və Abbas Mirzənin özü Cavad xanın nəşinin Gəncədə qalmasına qətiyyən yol verməzdilər, ikincisi isə rus hökumətinin özü də onun nəşinin Gəncədə qalmasına razı olmazdı. Çünki Cavad xanın qəbri yerli əhali üçün ruslara qarşı nifrət qaynağı ola bildiyindən, onlara başağrısı gətirə bilərdi.

Bəs Cavad xanın qəbri haradadır? Əgər Cavad xanın ailə üzvləri Abbas Mirzənin yanına getmişdilərsə (İrəvan Sərdarının məktubundan məlum olur ki, Markiz Pauluççi artıq onları İrana göndərib. Pauluççinin qraf Rumyansevə məktubundan məlum olur ki,Cavad xan ailəsinin kişi üzvləri, yəni oğlanları Uğurlu xan və Əliqulu xan da İranda idilər), Cavad xanın nəşinin Təbrizə aparıldığı ehtimalı yaranır. Çünki Abbas Mirzə Azərbaycan vilayətinin hakimi, Təbriz isə onun mərkəzi şəhəri idi. Ola bilsin ki, Abbas Mirzə onun nəşini Məşhədə göndərib və  İmam Rzanın məqbərəsinin yanında dəfn etdiruib.Tamamilə mümkündür ki, onun qəbri başqa bir şəhərdə, məsələn Qacarlar dövlətinin paytaxtı Tehranda olsun.

Müraciət etdiyimiz həmin dövrün rəsmi sənədləri, yüksək mənsəbli şəxslərin, o cümlədən Cavad xanın özünün məktublarından onun ölümü ilə nəticələnən hadisələrin xronikasını öyrənə bilərik. Həmin dövrə aid sənədlər 1866-cı ildən başlayaraq Tiflisdə çap olunan "Qafqaz Arxeoqrafiya Komissiyası tərəfindən toplanan Aktlar" (rusca AKAK) adlanır.

"Şəmşəddil haqqında məlumat

Şəmşəddil mahalında Sultandan başqa 26 tatar ağası və 7 erməni kovxası var.İndi isə Şəmşəddildə 4 tatar ağası və 1 erməni kovxası qalıb, qalanları isə Gəncə xanının yanındadır. Şəmşəddil əyalətinin 33 kəndindən öz yerlərində Tatlı, Həsənsulu, Göyçəli kəndinin yarısı, Amurlar kəndinin yarısı, Bayramlı kəndinin yarısı, Ayrım kəndinin yarısı qalır. Morul kəndinin ağası 3 ailə ilə Sultanın[3] yanında qalıb...

Şəmşəddildə qalan kəndlərdə indi təxminən 400 ailə var, Gəncə xanının yanındakılar isə 1.900 ailədir. Qalan ailələr və kəndxudalar indi Həsənsu çayının yuxarılarındadırlar, Gəncə xanının yanındakılar isə Şamxor çayının yuxarı hissələrinə köçüblər.

Kəndxudaların və kəndlərin sakinlərinin Gəncə xanının yanına getməsi isə Şəmşəddil kəndxudası Məmmədhüseynlə bağlıdır, o Şəmşəddil sultanı olmağa iddialıdır. O, vaxtilə Nəsib Sultanın əməlləri nəticəsində mərhum çar Georgi tərəfindən Tiflisdə həbsdə saxlanılırdı. Həbsdən azad edildikdən sonra məktub yazıb, tərəfdarı olan adamlarla Gəncə xanının tərəfinə keçib. Nəsib Sultan bəzən Qazaxdan kömək alaraq ona müqavimət göstərsə də, Gəncə xanından qoşun alan Məmmədhüseynə mane ola bilməmişdir" (AKAK, Т. 1, док.786).

Beləliklə, münaqişənin səbəbləri aydın olur. İşin maraqlı tərəfi odur ki, münaqişə ərazi üstündə deyil, əhaliyə sahib çıxmaq uğrunda gedirdi. Çünki o dövrdə əhali çatışmazlığı mövcud idi, hər bir şəxs vergi ödəyicisi olaraq çox qiymətli gəlir mənbəyi idi.General-mayor Lazarevin general-leytenant Knorrinqə 15 mart 1801-ci il tarixli raportunda bildirilir ki, Cavad xan itaətində olan adamlarla Şəmşəddil mahalına etdiyi yürüşlərdən, soyğunçuluqdan əl çəkmir və əhali müxtəlif yerlərə qaçmağa başlayıb (AKAK, Т. 1, док.787).

Knorrinq cavab məktubunda Lazarevə yazır ki, tabeliyindəki hərbi hissə ilə Borçalı mahalına getsin, Qazax və Şəmşəddil əhalisinin təhlükəsizliyini təmin etsin, amma yerli əhalini də öünümüdafiə tədbirlərinə cəlb etsin (AKAK, Т. 1, док.788).

General Lazarevinkapitan Taqanova cavab məktubunda haqqında söhbət gedən hadisələrlə bağlı tapşırıqlar verəndən sonra deyir ki, Nəsib Sultana deyin ki, İbrahim xana çatdırsın ki, mən onun dostluq təklifini yüksək qiymətləndirirəm (AKAK, Т. 1, док.795).

Burada bir zəruri məlumata ehtiyac var.

İbrahim xanla Cavad xan yaxın qohum idilər. İbrahim xan Cavad xanın 1740-cı ildə doğulan bacısı Tuti Bəyimlə evlənmişdi, lakin Tuti Bəyim cavan və varissiz öldükdən sonra İbrahim xan Cavad xanın başqa bir bacısı-Xurşid Bəyimlə evlənmişdir. İbrahim xandan sonra Qarabağ xanı olan Mehdiqulu xan 1763-cü ildə bu izdivacdan doğulmuş, 1832-ci ildə doğulan qızına anasının adını qoymuşdur. Həmin qız sonradan Xurşid Banu Natəvan kimi tanıdığımız şairdir. Beləliklə, Mehdiqulu xanın Cavad xanın bacısı oğlu olduğunu öyrənirik (AKAK, Т. 6,Ч. 2, стр.905).

Göründüyü kimi, ruslara satılmaq istəyən İbrahim xan hətta qaynı Cavad xana xəyanət etmiş, ruslarla yaxınlaşmaq üçün onun əleyhinə çuğulluq etmişdi. Amma bütün bunlar onuxilas etmədi, səmimiyyətinə şübhə edən rus zabiti mayor Lisaneviç onu yaxın adamları ilə birlikdə 1806-ci ilin iyun ayının 12-də Şuşa yaxınlığında öldürdü.

Yeri gəlmişkən, İbrahim xanın qızı Ağabəyim ağa İran Qacarlar dövlətinin hökmdarı Fətəli şahın həyat yoldaşı idi. Amma bütün bunların heç biri onun xəyanət edərək rusların tərəfinə keçməsinə mane ola bilmədi.

Knorrinq 20 may 1802-ci il tarixli məktubunda Cavad xana yazır ki. bu gün aldığım xəbərə görə oğlunuz Hüseynqulu bəy 500 nəfər silahlı adamla Ayrım kəndinə soxulub soyğunçuluq törətmək istəyib, lakin yerli əhali onları kəndə buraxmayıb. İmperator həzrətlərinin idarəsi altında olan Gürcüstanın bir vilayətinə qarşı olan bu hərəkət dinc qonşuluq münasibətlərinə ziddir. Mən güman edirəm ki, oğlunuz bunu Sizin xəbəriniz olmadan edib və xahiş edirəm ki, onu bu cür hərəkətlərdən çəkindirəsiniiz (AKAK, Т. 1, док.822).

1802-ci ilin sonlarında gürcü əsilli general P.Sisianov general Knorrinqi Qafqazdakı rus qoşunlarını Ali baş komandanı vəzifəsində əvəz etdi. Həmin vaxtdan Rusiya tərəfinin Gəncəyə və Cavad xana münasibəti də dəyişdi. Gəncəni işğal etməyə qərar verən Sisianov Knorrinqin nəzakətli üslubunu sərt bir dilə dəyişdi və işğala bəhanə tapmaq üçün konflikti süni şəkildə qızışdırmaq yolunu tutdu.

Təcavüzkar general işğal üçün hazırlıq tədbirlərini başa çatdırdıqdan sonra Gəncə torpağına girdi. Onun 1803-cü ilin noyabr ayının 29-da Cavad xana göndərdiyi məktub müharibə elanı idi:"Gəncə torpaqlarına girərkən buraya gəlməyimin səbəblərini Sizə elan edirəm. Birincisi və ən başlıcası odur ki, çariça Tamaranın vaxtından Gəncə Gürcüstana tabe olub, sonrakı çarların zəifliyindən Gürcüstandan qoparılıb. Gürcüstanı öz güclü himayəsinə alan Rusiya İmperiyası Gürcüstanın parçalanmasına biganə qala bilməz. İkincisi, mən Gürcüstana yenicə gəldiyim vaxt oğlunuzun amanat qoyulması tələbimə cavab olaraq 6 il bundan əvvəl Rusiya təbəəliyini qəbul etdiyinizi unudub yazdınız ki, İran padşahından qorxursunuz. O zaman rus qoşunları da Gəncə qalasında idi. Üçüncüsü, adamlarınızın qarət etdiyi Tiflis tacirləri də Sizdən qənaətbəxş cavab tədbiri görmədilər və ona görə də bu üç səbəbə görə Avropa ənənələri ilə şəhərinizi almaq üçün qoşunla gəlmişəm. İki sözdən biri ilə cavab verin, şəhəri təslim edirsiniz, yoxsa yox? Sizə aydın olmalıdır ki,  bu cür pis havada qoşunlarımızla sizin mülkünüzə qədər gəlmişiksə, heç bir razılaşmadan söhbət gedə bilməz. Əgər xoşluqla təslim olmasanız, İzmail, Oçaqov,  Varşava və başqa şəhərlərin başına gətirilən acı taleyi yaşayacaqsınız. Əgər sabah günortaya qədər cavab almasam, döyüş başlayacaq və Gəncəni qılıncdan keçirib ona od vurmağıma şahid olacaqsınız" (AKAK, Т. 2, док.1172).

Gəncəyə hücuma keçən P.Sisianov Qazax və Şəmşəddil sultanlıqlarının hərəsindən 300. Borçalıdan isə 100 nəfər atlı döyüşçünü də özü ilə gətirmişdi, amma onlara  çox pis münasibət göstərirdi.

"Etibarsızlıqlarına görə şöhrətli rus qoşunları ilə birgə vuruşmağa layiq olmayan tatar süvarilərinə şəhərin və ya bağların ətrafında mühasirə həlqəsi yaratmağı əmr etmişdilər.  ...Düşmənin kökünü tamamilə kəsənə qədər şəhəri yağmalamaq qadağan olunmuşdu" (Н.Дубровин. История войны и владычество русских на Кавказе. Т.4. Деятельность князя Цицианова в Грузии. СПб:1886, стр.146-147).

N.Dubrovinin sonuncu cümləsi göstərir ki, şəhər sakinlərini qırğına məruz qoyandan sonra qaniçən işğalçılar şəhəri həm də yağmalamış, əhalini soymuşlar.

"Qaladakı ən böyük topun üstünə çıxan Cavad xan şiddətlə vuruşaraq topun üstündə də həlak oldu (П.Зубов.Подвиги русских воинов в странах Кавказских с 1800 по 1834 год. Т.1, Ч.1. Спб:1835, стр.49-50).

"Günorta artıq hər şey sakitləşmişdi, bütün küçələr meyitlərlə örtülmüşdü.

... şəhərin bir yerində qan sel kimi axdı. 500-ə yaxın tatar məscidə toplaşmışdı ki, qaliblərə təslim olsunlar, lakin bir erməni əsgərlərimizə dedi ki, onların arasında bir neçə Dağıstan ləzgisi var. Ləzgilərin adının çəkilməsi məsciddəkilərin hamısının öldürülməsi üçün bir işarə oldu" (Н.Дубровин. История войны и владычество русских на Кавказе. Т.4. Деятельность князя Цицианова в Грузии. СПб:1886, стр.146-147).

P.Sisianova görə, Gəncə qalasının alınması zamanı 1.500 adam öldürülmüşdü, yaralanların sayı isə bilinmirdi. Tarixçi P.Zubov  öldürülənlərin sayının 1.750 olduğunu bildirir.

Cavad xanın böyük oğlu Uğurlu xan İmperator I Aleksandra göndərdiyi məktubda Gəncə qalasının alınması zamanı atasının və qardaşının, iki əmisi oğlunun, bir neçə başqa yaxın qohumunun, Gəncə sakinlərindən isə  3.700 nəfərin öldürüldüyünü yazır (АКАК, Т.2, док.1188).

P.Sisianov Qafqazın mülki qubernatoru Kasparova 1804-cü ilin 8 yanvarında göndərdiyi məktubda etiraf edir ki, nə Gəncəni ən ciddi şəkildə mühasirədə saxlamağım və bir aydan sonra onun susuz və odunsuz qalması, nə şəhərin təslim edilməsi haqqında 5 dəfə təkrar etdiyim tələbim, nə də şəhərin sahibi kimi qalaraq Rusiyaya xərac ödəməsi kimi xana etdiyim sonuncu təklifim Cavad xanın inadkarlığının və qızğınlığının qarşısını ala bilmədi (АКАК, Т.2, док.1182).

İmperator Aleksandr Sisianova göndərdiyi 5 fevral 1804-cü il tarixli reskriptlə Gəncəni aldığına görə onu tərifləyir, Cavad xanın sağ qalan oğlanlarını Kərim bəydən tələb etməsini bəyənir və onları Rusiyaya sürgün etməyi tapşırır. Hakimiyyətini möhkəmlətməklə məşğul olan Baba xanın[4] başının qarışmasından istifadə edərək Kür və Araz çayları ilə suvarılan ərazilərin, Xəzər dənizinin qərb tərəfindəki torpaqların işğalını məsləhət görür (АКАК, Т.2, док.1186).

I Aleksandrın reskripti Cənubi Qafqazın işğalına yol açan səbəblər arasında mərkəzi Tehran hakimiyyətindəki çəkişmələrin də ciddi rol oynadığını görürük. Ağaməhəmməd Şah Qacarın 1797-ci ildə Şuşada öldürülməsindən sonra taxt-tac uğrunda mübarizədə onun qardaşı oğlu Baba xan qalib gəlsə də, torpaqların müdafiəsi zəifləmiş, təcavüzkar Rusiya bu əlverişli məqamdan yararlanmışdı.

İmperator 20 fevral 1804-cü il tarixli başqa bir reskripti ilə Sisianovun xan ailəsinin bəzi üzvlərinə təqaüd təyin edilməsi haqqındakı təkliflərini bəyənir. Cavad xanın arvadları Bəyim xanımla Şükufə xanımın hərəsinə ildə 1.200 rubl, gəlinləri Nisa bəyimlə Zeynəb xanımın hərəsinə 600 rubl, xanın qızı Xanıma isə 300rubl, cəmi 3.900 rubl təqaüd təyin edilir. Üzə çıxacaqları halda Cavad xanın oğlanlarına da təqaüd təyin edilməsi üçün Sisianova təklif verməsi tapşırılır, hazırda Dağıstanda olan Şəmsi Bəyim üçünsə onun qardaşı Qazıqumuqlu Surxay xanın xahişhamə göndərəcəyi bildirilir (АКАК, Т.2, док.1187).

P.Sisianov İcra Ekspedisiyasına 3 mart 1804-cü ildə göndərdiyi məktubda sevinclə xəbər verir ki, İmperator onun təklifini qəbul edib və Gəncə şəhəri bundan sonra İmperatorun arvadının şərəfinə Yelisavetpol adlanacaq, bütün sənədlərdə, yazışmalarda o cür yazılsın (АКАК, Т.2, док.1194).Göründüyü kimi,gürcü əsilli general təkcə Gəncənin müdafiəçilərini deyil, Gəncənin özünü də cəzalandırırdı. Sanki gürcülərin əsrlər boyu türklərin idarəsi altlnda yaşamasının heyfini qəddar bir şəkildə Gəncədən və gəncəlilərdən alırdı...

Cavad xanın böyük oğlu Uğurlu xan və kiçik oğlu  Əliqulu xan Gəncədən kənarda olduqlarına görə sağ qaldılar, amma yanında olan, 1781-ci ildə doğulmuş Hüseynqulu ağa da onunla birlikdə həlak oldu. Hüseynqulu ağa Cavad xanla düşmənçilikedən Nəsib Sultanın qardaşı qızı Zeynəb xanımla evlənmişdi və onun ölümündən sonra doğulan oğluna onun adını qoymuşdular. Hüseynqulu ağanın 1799-cu ildə anadan olan oğlu Müsahib ağa adlı başqa bir oğlu da vardı.

Hüseynqulu ağanın oğlu Hüseynqulu ağa Göyçə mahalının Zod kəndinin kəndxudası Vəli ağanın qızı Böyük xanımla evlənmiş, Göyçə mahalında yaşamış və yaşadığı kənd onun adı ilə Hüseynquluağalı kəndi adlandırılmışdır. (Sovet hakimiyyətinin vaxtında kəndin adını dəyişib Nərimanlıqoymuşdular).

İrəvanı işğal etməyə gələn general Paskeviçin 27 iyun 1827-ci ildə Rusiyanın xarici işlər naziri qraf Nesselroda yazdığı məktubda İkinci Hüseynqulu ağadan da bəhs edilir. Paskeviç yazır: "Gəncə xanının nəvəsi Hüseynqulu  ağanın göndərdiyi adamlar da yanıma gəldilər. Onların mənə verdiyi məktubda ağaları yazırdı ki, əsirliyimizdə olan əmisi Uğurlu xanla humanist rəftarımız barədə eşidib və soruşurdu ki, Rusiyanın xoş məramından özü üçün nə gözləyə bilər? Mən onu ruhlandıran tərzdə cavab verdim" (АКАК, Т.7, док.512).

Paskeviç həmin məktubunda daha sonra yazır: "Mən dağlara məktublar göndərib oralarda yaşayan ağaları Arpa çayı yaxınlığında təşkil etdiyim qurultaya dəvət etdim. Cavad xanın nəvəsi Hüseynqulu ağa da başındakı böyük bir dəstə ilə yanıma gəlib ya onu qulluğa qəbul etməyimi, ya da tabeliyindəki 100 ailə ilə Gəncədə yaşamağına icazə verməyimi xahiş etdi. Mən xoş sözlərlə onun hər iki təklifindən boyun qaçırtdım və məsləhət gördüm ki, əvvəlki yerində qalıb itaəti altında olanların qayğısına qalsın" (АКАК, Т.7, док.512).

Xəyanət edənlərin arasında Cavad xanın nəvəsini görmək, əlbəttə ağırdır. Yuxarıda qeyd etdiyimiz kimi P.Sisianov 1804-cü il yanvarın 3-də babası Cavad xanla birlikdə onun atası Hüseynqulu ağanı da öldürmüşdü. 

Göyçə mahalının 1831-ci ildə tərtib edilmiş kameral təsvirində onun adı bu cür qeyd edilmişdir:

"GÖYÇƏ MAHALININ KAMERAL TƏSVİRİ. 1831-ci il.

№ 42.YELLİCƏ kəndi.

Qarapapaq tayfası.

Bu kənd Zod kəndinin yuxarısında yerləşir.

1.Hüseynqulu ağa Hüseynqulu ağa oğlu 30 yaşında; onun arvadı və iki qızı" (Göyçə mahalının  Kameral təsviri (Tərcümə, tərtib və ön sözün müəllifi N.Əhmədli). Bakı:2017,səh.73).

Aşağı Keyti kəndinin əvvəlki sakinləri ‒ millilər 1834-1835-ci illərdə Vedibasar mahalına köçdükdən sonra Yellicə kəndinin sakinləri həmin kəndə köçüb oranı kəndxudalarının adı ilə Hüseynquluağalı adlandırmışlar.

Hüseynqulu ağanın yaşı burada 3 il artıq göstərilib. 1804-cü ildə doğulduğuna görə, 1831-ci ildə 27 yaşında idi.

Uğurlu xan 1826-cı ildə Gəncədə Ziyadxan oğullarının hakimiyyətini bərpa etməyə nail olsa da, hakimiyyəti cəmi 2 ay sürmüş, Gəncəni yenidən ələ keçirən ruslara əsir düşmüşdür. İbrətamiz haldır ki, Gəncə üsyanı baş verdikdə şəmşəddillilər də gəncəlilərin tərəfinə keçmişdilər (В.Потто. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Т.3. Персидская война 1826-1828 г. Изд. 2-ое. СПб:1888, стр.102).

Uğurlu xan əsir vaxtı Stavropolda yaşamış, Türkmənçay müqaviləsi bağlanandan sonra əsirlərin mübadiləsi zamanı 1828-ci ildə azad edilmiş və İrana getmişdir (В.Потто. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Т.3. Персидская война 1826-1828 г. Изд. 2-ое. СПб:1888, стр.102).

Gürcü əsilli qəddar və təkəbbürlü rus generalı P.Sisianov Cavad xandan cəmi 2 il artıq yaşadı.

Cavad xanla qohum olsa da, Gəncə qalasının alınmasında Borçalı və Qazax türkləri ilə Sisianovun cəbhəsində yer alan Nəsib Sultanın aqibəti də faciəli oldu. General Sisianovun ona göndərdiyi 11 avqust 1805-ci il tarixli əmr bu baxımdan olduqca ibrətamizdir. Bütün nəzakət qaydalarını və Nəsib Sultanın şərəfini ayaq altına atan bu qudurğan gürcü ona yazır: "Məktubunu aldım və səndən soruşuram, harada görüb və ya eşitmisən ki, nökər öz ağası ilə məktublaşsın və söhbət üçün onun yanına adam göndərsin? Bəlkə fikirləşirsən ki, indi də Cavad xanın dövrüdür ki, bu cür hərəkət edə biləsən? ...Yazırsan ki, bütün baş verənləri general Vyazemskiyə yazmısın. Bu barədə sənə deyim ki, o general da sənin tayındır ki, ona o cür yazmısan, başqa generala o cür yaza bilməzdin" (АКАК, Т.2, док.1135).

Ölümündən bir ay qabaq, 1806-cı il yanvarın 10-da P.Sisianov Cəfərqulu xan Xoyluya göndərdiyi məktubda yazırdı: "Əgər siz daha çox xidmət göstərmək istəyirsinizsə, bir vasitə ilə bütün şəmşədilliləri, xüsusilə Nəsib Sultanı yanınıza çağırın və general-mayor Nesvetayevə xəbər verin, öz hərbi hissəsi ilə gəlib onların hamısını həbs etsin. İnanmadığım boş vədlərinizlə yox, bu əmrimi yerinə yetirmənizlə həqiqi xidmət göstərmiş olacaqsınız; lakin bir daha təkrar edirəm, mən başqa yollarla da onları tutacağam və onları bağışlamağa söz vermirəm və bunu bacarmaram, çünki mən ona görə buraya rəis qoyulmuşam ki, cinayətkarları və xəyanətkarları Rusiya qanunları ilə cəzalandırım və İmperator Həzrətlərinin müqəddəs iradəsini yerinə yetirim;buna görə də  əgər bacarırlarsa, yaxşısı odur ki, qoy onlar mənə pislik etsinlər, mən isə onları bağışlamayacaq və bütün zamanlarda onlara daha artıq pisliklər edəcəyəm" (АКАК, Т.2, док.1146).

Əgər təxminən 1 ay sonra, fevral ayının 8-də Qoşa Qala qapısınınn önündə bakılılar bu quduz generalı öldürməsəydilər, şəmşəddilliləri hansı faciələrin gözlədiyini Allah bilir!

Əvvəlcə şəhər ağsaqqalları Bakı qalasının açarlarını şəhərin yarım verstliyində ona təslim etsələr də, təkəbbürlü gürcü açarları qaytarıb tələb etdi ki, şəxsən Bakı xanı Hüseynqulu xan özü açarları ona təqdim etməlidir. Və onun bu yekəxanalığı həyatı bahasına başa gəldi. Bakılılar Sisianovu və onu müşayiət edən digər general Eristovu Qoşa qala qapısının önündə öldürdülər. Onun başını və qolunu kəsib Ərdəbilə, oradan isə paytaxt Tehrana göndərdilər. Meyidini isə qala divarının önündə dəfn etdilər. General Bulqakov Bakını alandan sonra onun qalıqlarını buradakı erməni kilsəsində dəfn etdirdi, 1811-ci ildə isə məqalənin əvvəlində haqqında söhbət açdığımız Markiz Pauluççi onun başsız və qolsuz qalıqlarını çıxartdırıb Tiflisə göndərdi və noyabrın 27-də oradakı Sion monastrında dəfn etdilər (В.А.Потто. Кавкаская война В очерках, эпизодах, легендах и биографиях. Ермоловское время. Т.2. Изд.2-ое, С.Пб, 1887,стр.347).

Göründüyü kimi, italyan əsilli, zadəgan və aristokrat Markiz Pauluççi general Sisianovun nəşini Tiflisə göndərəndən 3 ay sonra, 1812-ci ilin fevralında Cavad xanın nəşinin İrana aparılmasına icazə vermiş və bu barədə həm Abbas Mirzəyə, həm də Rusiyanın xarici işlər naziri qraf Rumyantsevə məktub yazaraq məlumat vermişdir. Beləliklə, Cavad xanın nəşinin İrana aparılmasını  baş vermiş fakt saymalıyıq.

Əli on minlərlə günahsız insanın qanına batan general P.Sisianov Bakı səfərinin sonuncu olacağını sanki duymuşdu. Yürüşdən bir neçə gün əvvəl dostu V.Zinovyevə yazmışdı: "Hökmdarımız mənə qarşı mərhəmətlidir və məni öz yanına aparmağa söz verib. Dua elə ki, sağ-salamat gəlib çıxım. Mən sənə hündür boylu, gözəl yerişli, Zahid xan adlı gözəl bir at da gətirəcəyəm. Əgər mən burada ölsəm və ya öldürülsəm, vəsiyyətimə görə o Sizə çatacaq"(Yenə orada, s.341).

General Ladınskinin verdiyi məlumata görə, knyaz Sisianov Bakıya hərbi səfərə çıxmazdan qabaq xeyli müddət Gəncədə yaşamalı olur. Bir it hər gecə onun yaşadığı evin damına çıxıb dəhşətli səslə ulayırmış. Onu öldürürlər, lakin onu başqa bir it əvəz edir və onu da öldürürlər. Neçəsini öldürsələr də hər dəfə yeni bir it onun damına çıxıb ulayır və onun canına qorxu salıb yatmağa qoymurmuş. Onda Sisianovun əmri ilə Gəncədəki bütün itləri güllələyirlər(Yenə orada, s.342).

Sisianov 1806-cı ilin fevralında Gəncədən Bakıya gəlir və öldürülür...

Görünür, öldürtdüyü itlərin vasitəsilə əcdadları onun ölümünün yaxınlaşdığını xəbər verirlərmiş və Sisianov da əcəlinin çatdığını hiss edibmiş...

Rusiyaya itaətini bildirən, 14 may 1805-ci il tarixli Kürəkçay müqaviləsi ilə  onun təbəəliyinə keçən Qarabağ xanı İbrahim xan Sisianovun öldürülməsindən 4 ay sonra, 1806-cı il iyun ayının 12-də ailəsi ilə birlikdə mayor Lisaneviç tərəfindən  gülləbaran edildi.

Müsəlman sultanlıqlarındakı mövcud idarəetmə tərzi Qafqazın yeni hakimi Yermolovu qane etmirdi. İdarəçilik Qacarların vaxtında olduğu kimi yerli müsəlmanların əlində idi, hər bir mahala bir rus pristavı təyin edilmişdi və o çox şeyə müdaxilə etmirdi. Yermolovun fikrincə, yerli ağaların əlində çox geniş səlahiyyətlər vardı və əslində onları xırda xanlar adlandırmaq olardı. O, yerli ağaları zəiflətmək üçün torpaq islahatı da apardı və ən nüfuzlu ağanın yanında bir neçə ailənin qalmasına razılıq verməklə, qalan torpaqları ağalardan alıb kəndli ailələrinə payladı. Yeni vəziyyət təbii ki, ağaları narazı saldı və əhali bu hadisələrin hansısa bədbəxtliklərin başlanğıcı olduğundan qorxuya düşüb ağaların əvvəlki hüquqlarını qaytarmağı tələb etdilər.

Yermolovun casusları xəbər verdilər ki, yaylağa çıxandan sonra Şəmşəddil sultanı Nəsib sultan və Qazax mahalının rəisi Mustafa ağa tabeliklərində olan əhalini də götürüb İrana qaçmağa hazırlaşırlar Yermolov qazaxlı Mustafa ağanın da, Şəmşəddil sultanı Nəsib Sultanın da həbs edilməsini əmr etdi. 1819-cu il may ayının 9-da knyaz Mədətov onları Gəncə (Yelizavetpol) şəhərinə çağırıb hər ikisini  həbs etdi və Tiflisə göndərdi. Bu hadisə yerli əhaliyə həddindən artıq ağır təsir etdi, xüsusən şəmşəddillilər Nəsib Sultanın həbs edilməsi ilə barışa bilməyib deyirdilər ki, biz hər şeyə görə ona borcluyuq. Nəsib Sultan buraxılmasa, əkin zəmilərini məhv edib, evlərini və bağlarını yandırıb, başlarını götürüb İrana gedəcəkləri ilə hədələyirdilər. Qadınlar vay-şivən qoparır, ağı deyirdilər. Milliyətcə rus olan pristavlar da Yermolova məktub yazıb Nəsib Sultanı Rusiyaya sürgünə göndərmək fikrindən daşındırmağa çalışsalar da, nəticəsi olmadı.Yermolov iğtişaş baş verəcəyi halda yerli əhalini topa tutub süngüyə keçirməklə hədələdi (В.А.Потто. Кавкаская война В очерках, эпизодах, легендах и биографиях. Ермоловское время. Т.2. Изд.2-ое, С.Пб, 1887,стр.657-668).

General-leytenant Velyaminovun podpolkovnik Tixotskiyə 17 iyun 1819-cu ildə yazdığı  məxfi məktubda Nəsib Sultanın 5 gün qabaq, yəni iyunun 12-də artıq sürgünə göndərildiyi bildirilir (АКАК, Т.6, Ч.1, док.1049).

Sürgünə göndəriləndən sonra Nəsib Sultanın taleyindən xəbər yoxdur.

1806-cı ildə İbrahim xanı ailəsi ilə gülləbaran edən mayor Lianeviç 1825-ci ildə Şimali Qavqazda general-leytenant rütbəsində qulluq edirdi. Həmin illər Şimali Qafqazda müridizm hərəkatının vüsət aldığı illər idi. 1825-ci ildə Çeçenistanda Bəybulatın rəhbərliyi ilə üsyan baş verdi.Üsyançılar Əmirhacıyurddakı rus qarnizonunu ‒ 43-cü yeqer polkunu  məhv etdilər. Aksay şəhərinin kumık sakinləri oz rəisləri Musa Xasayevə itaətsizlik göstərib Bəybulata qarşı vuruşmaqdan imtina etdilər və onların çoxu Bəybulatın tərəfinə keçdilər. Üsyançılar Gerzul aulundakı rus qarnizonunu mühasirəyə aldılar və burada 5 gün şiddətli döyüşlər getdi. Qarnizonun mühasirədə olduğu haqqında xəbər alan general Lisaneviç və general Qrekov ona köməyə gəldi və qarnizonu xilas etdilər. Hər iki tərəfdən böyük itkilər verilmişdi.

Bütün qulluğu dövründə həddindən artıq qəddarlığı və qaniçənliyi ilə seçilən general Lisaneviç dağlılara dərs vermək və gözlərinin odunu almaq üçün iyulun 18-də Gerzel aulunun və ətraf kənlərin əli silah tutan bütün kumık əhalisini, 318 adamı  meydana toplayıb üsyançıların verilməsini onlardan tələb etdi. Burada üsyançılara rəğbəti olanlardan başqa, neytral mövqeli adamlar, hətta Rusiya tərəfdarları da var idi. O, meydana toplaşanları ağır sözlərlə söyüb hədələyirdi. Türk dilində sərbəst danışdığına görə qumıklarla  tərcüməçinin köməyi olmadan davranırdı. Sonra cibindən çıxartdığı siyahıda adları göstərilənlərin irəli çıxmasını əmr etdi. Lisaneviç onları həbs etmək və cəzalandırmaq istəyirdi. Adı çağrılanlardan 2 nəfər hətta irəli çıxmışdı. Lakin ağ çalmalı, yaşıl əbalı, kəmərinə xəncər taxan məğrur baxışlı Molla Uçar irəli çıxmadı. Lisaneviç onun adını təkrar oxusa da Molla Uçar yenə irəli çıxmadı. Hadisəni təsvir  edən tarixçi V.Potto yazır ki, hadisə tərcüməçi Sokolov onun qolundan yapışıb irəli çıxartmaq üçün cəhd edəndə baş verdi, lakin başqa mənbələrə görə quduz Lisaneviç Molla Uçarı şillə ilə vurduqda Molla Uçar xəncərini çəkib onun sinəsinə soxdu. Uçar Lisaneviçə kömək üçün irəli atılan general Qrekova da 2 xəncər zərbəsi yetirib öldürdü. Satqın Musa Xasayevi də öldürmək istərkən, Uçarı qılınc zərbəsi ilə yaralayıb güllə ilə öldürdülər. Hələ sağ olan Lisaneviç əsgərlərə hamının öldürülməsini əmr etdi. Əsgərlər qapıları bağlayıb hamını, silahsız və heç bir günahı olmayan bu insanları, gözlərinə görünənləri, o cümlədən 3 gürcünü və bir neçə kazakı da öldürdülər. Heç kim sağ qurtarmadı.

Yaralanmış Lisaneviçi Qroznıya qospitala apardılar, amma bir neçə gündən sonra öldü. Uçarın xəncəri onun ağ ciyərini deşib keçmişdi.

Lisaneviç 1804-cü ildə Gəncə qalasının alınmasının fəal iştirakçısı olmuş və orada da günahsız və silahsız insanların qanını axıtmışdı. 1815-ci ildə Qafqazı tərk edən Lisaneviç 1825-ci ilin martında yenidən Qafqaza göndərilmiş, amma burada Ali baş komandan olan başqa bir qəddar general ‒ Yermolov tərəfindən soyuq qarşılanmışdı. Lisaneviç ölümqabağı polkovnik Soroçanla Yermolova bir ismarış göndərmişdi: "Yermolova deyin ki, mən kasıb adamam, hökmdarıma 30 il qulluq etdim, amma sərvət toplamadım, yetim qalan uşaqlarımı və arvadımı taleyin ümidinə buraxmasın, onda rahat ölə bilərəm" (В.А.Потто. Кавкаская война В очерках, эпизодах, легендах и биографиях. Ермоловское время. Т.2. Изд.2-ое, С.Пб, 1887, стр.154-165).

Lisaneviç Molla Uçarın xəncərindən 1825-ci il iyul ayının 18-də aldığı ölümcül yaradan 6 gün əzablar içərisində qovrularaq öldü. Bu zaman 48 yaşında idi.

Qriboyedov onun haqqında yazmışdı ki, Lisaneviç cəsur, lakin ləkəli adam idi, qəhrəmancasına öldü, amma mənasız yaşadı.

Molla Uçarın adını Uçar-Hacı kimi verən Con Baddeli adlı müəllif onu vuranın və ilk öldürülənin general Qrekov olduğunu yazır (Дж.Баддели.Завоевание Кавказа рускими. 1720-1860. Москва:2013, стр.123-124).

Cavad xanın, Nəsib Sultanın və başqalarının haqqındakı ibrətamiz hekayəmiz burada başa çatır.

Cavad xanın qəbrini isə, fikrimizcə İranda axtarmaq lazımdır.

Müəllifin  bu barədəki tədqiqatları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31