MŞ sədri “Sərhədsiz Reportyorlar” Təşkilatının təmsilçisi ilə görüşüb
18 May 2012 17:43 SosialAzərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Sərhədsiz Reportyorlar" Təşkilatı İdarə Heyətinin mədəniyyət üzrə məsul təmsilçisi İngo Petzlə görüşüb.MŞ sədri Əflatun Amaşov avropalı qonağa rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. O bildirib ki, 2003-cü ilin martın 15-də ölkə jurnalistlərinin I qurultayında yaradılan Şuranın əsas missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. MŞ-nin konkret fəaliyyət istiqamətlərindən söz açan Ə.Amaşov müxtəlif illərdə qurum tərəfindən qanunvericiklə bağlı təkliflərin irəli sürüldüyünü və müsbət dəyərləndirildiyini önə çəkib.Görüşdə söz və mətbuat azadlığının müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. "Sərhədsiz Reportyorlar" Təşkilatının nümayəndəsi İ.Petz məsələyə münasibətdə həm fərqli, həm də oxşar baxışların mövcudluğunu bildirib. Ölkəmizə səfərinin məqsədləri ilə bağlı məlumat verən Petz təmsil olunduğu qurumla Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlıq münasibətlərinin vacibliyini önə çəkib. Qarşılıqlı əlaqələrin mümkün perspektiv istiqamətləri ətrafında diskussiyalar gedib.