Çində korrupsiya müzakirəsi
18 May 2012 17:38 SosialAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Çin Xalq Respublikasında səfərdə olublar. "Qafqazinfo"nun məlumatına görə, Çin Xalq Respublikasının Honq Konq şəhərində Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (İCAC) təşkilatçılığı ilə "Mövcud çətinliklərə yeni yanaşmalar: Dəyişən dünyada korrupsiya əleyhinə mübarizə" mövzusunda 5-ci Simpozium keçirilib. Tədbiri Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (İCAC) Honq Konq şəhəri üzrə nümayəndəsi Timoti Tonq açaraq dünya dövlətlərinin korrupsiyaya qarşı mübarizədə günü-gündən artan əməkdaşlığının əhəmiyyətini və bu sahədə müasir mübarizə metod və vasitələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Simpoziumda iştirak edən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, korrupsiya hüquqpozmaları ilə bağlı cinayətlər üzrə ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması barədə ətraflı məlumat verib.
R.Əliyev daha sonra ölkə prezidentinin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi və effektiv aparılması məqsədi ilə son dövrlər qanunvericilik aktlarının təkmilləşdirilməsi və praktiki tədbirlərin həyata keçirilməsi, o cümlədən idarənin səlahiyyətlərinin artırılması və strukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları qarşısında konkret istiqamətlərin müəyyənləşdirilməsi və həyata keçirilən kəsərli tədbirlər barədə ətraflı informasiya verib.
Tədbirdə həmçinin iştirakçı ölkələrin hüquq mühafizə orqanları arasındakı qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və qarşıda duran perspektivlər müzakirə edilib.