Yol polislərinə lüğət paylanıldı
İngilis dilində danışıq qabiliyyətinin artırılmasını xidmət edən bu lüğətlərdən taksi sürücüləri də faydalanır
18 May 2012 16:47 SosialAzərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinə ictimai dəstək - tariximizin və mədəniyyətimizin təbliği" adlı layihə çərçivəsində taksi sürücüləri və yol polislərinin "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı maarifləndirilməsi davam edir. Layihə çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasında, Səbail rayonunun müxtəlif ərazilərində və Dövlət Bayrağı Meydanının ərazisində yol polislərinə və taksi sürücülərinə Azərbaycan və ingilis dillərində söz və söz birləşmələrinin əks olunduğu kitabça, Azərbaycan və onun işğal olunmuş əraziləri, əhalisi, etnik tərkibi haqqında qısa məlumatların, istirahət mərkəzləri, otellər, dini obyektlər barədə məlumatların əks olunduğu bukletlər paylanılıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin əməkdaşlarının payladıqları söz və söz birləşmələrinin əks olunduğu kitabça yol polisi əməkdaşlarına ölkəmizə gələn qonaqlarla ünsiyyət qurmağa şərait yaradacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, xüsusi çapdan çıxmış bukletlərin və ingiliscə danışıq lüğətinin paytaxtımızda paylanılması artıq on gündən çoxdur ki, həyata keçirilir: "Bu buklet və kitabçalar daim yol polisi və taksi sürücülərində olsa və onlar bunu öyrənsələr, o zaman heç bir çətinlik olmayacaq. Həm də, taksiyə minən əcnəbi qonaq bu bukletin köməyi ilə hara və ya hansı istiqamətə gedəcəyini sürücüyə izah edə biləcək".
Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) tərəfindən icra olunur. Artıq Yasamal, Nəsimi, Binəqədi və Səbail rayonlarının ərazisində taksi sürücülərinə və yol polisi əməkdaşlarına buklet və kitabçalar paylanılıb. Növbəti tədbirlər Xəzər rayonunun müxtəlif ərazilərində və Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçiriləcək.