Möhürü cibində gəzdirən bələdiyyələr… - ARAŞDIRMA
Dövlət büdcəsini talan edirlər
18 May 2012 15:36 SosialTəxminən Azərbaycan dövlətinin müstəqillik tarixi ilə yaşıd olan bələdiyyələr hələ də müstəqil qurum kimi formalaşa bilməyiblər. Mahiyyətinə görə yerli özünüidarə orqanı olan bələdiyyələr gerçəklikdə yerli problemlərin həllindən başqa bütün işlə məşğul olurlar. Əsasən torpaqsatan qurum imici qazanmış bələdiyyələr mövcud sosial-iqtisadi problemlərin aradan qaldırılmasında heç bir rol oynamırlar. Dövlət büdcəsindən ayrılan dotasiyalar hesabına fəaliyyətini quran bələdiyyələr hətta yerli vergilərin yığılmasında belə maraqlı görünmürlər. Hansi ki, bu vergilər bələdiyyələrin müstəqil qurum kimi formalaşmasında böyük rol oynaya bilər, onları icra strukturlarının asılılığından xilas edə bilər. Təəssüf ki, indiyə qədər bələdiyyələr yalnız və yalnız torpaq sahələri satmaqla mövcudluqlarını qoruyub saxlaya biliblər. İndi isə öz torpaqları tükəndiyindən qonşu bələdiyyənin, yaxud dövlətin torpaqlarına sərəncam verməyə girişiblər. Reallıqda isə bələdiyyələrin kifayət qədər səlahiyyətləri və imkanları mövcuddur ki, öz ərazilərindəki sosial-iqtisadi problemlərin yüksək səviyyədə həllinə nail olsunlar. Bunun üçün bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunverici baza və qanunla müəyyən edilmiş geniş səlahiyyətlər var. Etiraf edilməlidir ki, bələdiyyələrin lüzumsuz quruma çevrilməsində bələdiyyə sədrlərinin əhəmiyyətli dərəcədə rolu var. Kifayət qədər hüquqi biliyə, iş təcrübəsinə malik olmayan bələdiyyə sədrlərindən təbii ki, bundan artığını gözləmək sadəlövhlük olardı. Elə Baş Prokurorluğun yaydığı məlumatda da bələdiyyə sədrinin qanunsuz hərəkətləri narahatçılıq doğurmaya bilmir. Məlumata görə, Xaçmaz rayon köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161 - qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb. Belə ki, Rəhman İsrafilov köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 hektar torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 hektar torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib. Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb. R.İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Məlumat üçün qeyd edək ki, bələdiyyə sədrlərinin qanunsuz hərəkətləri ilə bağlı məlumatlar mütəmadi olaraq ölkə mətbuatında yer alır. Onu da qeyd edək ki, İnsan Haqları üzrə Müvəkkilin parlamentə təqdim etdiyi illik hesabatında 20-dən artıq bələdiyyənin qanunsuz hərəkətləri yer almışdı. Bu sırada paytaxt bələdiyyələrindən tutmuş ən ucqar kənd bələdiyyəsinə qədər yerli özünüidarə orqanı sədrinin adına rast gəlmək mümkündür. Təkcə bu fakt deməyə əsas verir ki, ölkədə fəaliyyət göstərən əksər bələdiyyələr korrupsiyaya qurşanıblar. Elə bu səbəbdən də öz ərazilərinə daxil olmayan torpaqların satışına qərar verirlər. Belə qərarlar bələdiyyə sədrlərinə o dərəcədə sadə görünür ki, bəzən bu kimi qərarları bələdiyyə üzvləri ilə razılaşdırmadan təkbaşına verirlər. Bu səbəbdən rayon və kənd bələdiyyələri möhür və ştampı ciblərində gəzdirir, torpaq satışını elə çayxanalarda həyata keçirirlər. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov da bələdiyyələrin dövlət torpaqlarına sərəncam verməsi faktını təsdiqləyərək bunun kütləvi hal aldığını bəyan edib: "Belə hallar kütləvidir, lakin biz onlara sənəd vermirik". Qeyd edək ki, bələdiyyələr həm də torpaqları qanunsuz olaraq vətəndaşlara uzun müddətə icarəyə verirlər. Təkcə cari ildə 5483,16 hektar torpaq sahəsi vətəndaşların qanunsuz istifadəsinə verilib. Təəssüf ki, bu proses qanunsuz həyata keçirildiyindən bələdiyyə büdcəsinə bir qəpik də keçirilməyib. Nəticədə bu qədər qanunsuz torpaq satan yerli özünüidarə orqanları bələdiyyə üzvlərinin xeyir-şər mərasimlərini təşkil etməyə büdcələrində vəsait tapa bilmirlər. Bu isə o deməkdir ki, bələdiyyə sədrlərinin özbaşınalığı əndazəni aşıb. Şəxsi mənafelərini hər şeydən üstün tutan bələdiyyə sədrləri öz qanunsuz fəaliyyətləri ilə dövlət büdcəsini talamaqla məşğuldurlar.
Alim
rə yerli