“Azerfon” şirkəti çökdü
2 milyona yaxın abunəçisi olan “Nar Mobile”ın şəbəkəsi dağıldı
18 May 2012 13:14 SosialAzərbaycanın mobil operator bazarında 2 milyona yaxın abunəçisi olan "Nar Mobile"da problem yaranıb. "OLAYLAR"ın məlumatına görə, mayın 17-si axşam saat 22:45-dən "Nar Mobile" abunəçiləri mobil nömrələrindən istifadə edə bilmir. Bütün "Nar" nömrələrdən nə zəng gedir, nə də həmin nömrələrə zəng gəlir. Problem hələ də həllini tapmayıb. Hazırda bütün"nar" nömrələri fəaliyyətini dayandırıb. Mobil nömrələrdə şəbəkə xətləri lazımi səviyyədə olsa da, heç bir abunəçi istifadəsində olan nömrənin zəng, sms və mms xidmətindən istifadə edə bilmir. "Nar" nömrələrin fəaliyyəti bütünlüklə dayanıb.
Bununla yanaşı, həmçinin "Nar Mobile" tabe olduğu "Azerfon" şirkətinin də telefonları bağlanıb. Hazırda "Nar Mobile"ın "777" Müştəri Xidmətləri və "Azerfon"un (012) 444 0777, (012) 444 0730 və (012) 444 0731 saylı sabit (şəhər) telefon nömrələri də qapadılıb. Şirkət heç bir zənglərə cavab vermir, bütün əlaqə vasitələri kəsilib. Hazırda 2 milyona yaxın abunəçi şəbəkədə nə baş verməsi barədə şirkətlə əlaqə saxlaya bilmir. "Nar" nömrələrin hamısında zəng edərkən telefonun ekranına "şəbəkə məşğuldur" yazılır və nömrələr şəbəkəyə qoşula bilmir.