Vətən uzaqda deyil- ÜÇÜNCÜ YAZI
“Vətən uzaqda deyil”- ÜÇÜNCÜ YAZI
13 Fevral 2020 12:46 Vətən uzaqda deyilFATİMƏ PAŞAYEVA
Diasporla iş Üzrə Dövlət Komitəsi yeni dərslik nəşr etdirib
- Birinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/366616
- İkinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/367762
Rubrikamızın üçüncü yazısı mühüm bir kitaba həsr olunur. Bu Azərbaycan dili dərsliyidir. Əvvəlcədən qeyd edim ki, bu dərslik Heydər Əliyev Fondunun və Diaspor Komitəsinin birgə layihəsidir və dərsliyin ərsəyə gəlməsində hər iki qurumun danılmaz əməyi göz önündədir.
Deyə bilərsiniz ki, Azərbaycan dilinə, qrammatikasına dair kifayət qədər kitablar mövcud olduğu halda bu dərsliyə nə ehtiyac vardı? Amma gəlin əvvəlcə kitabla yaxından tanış olaq, onun mahiyyətini və nəyə xidmət edəcəyini o zaman yaxşı bilərik. Dərslik xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəblərin 6-10 yaşlı şagirdləri üçün nəzərdə tutulub və 37 bölümdən ibarətdir.
Bilənlər üçün xatırladım və bilməyənlər üçün onu bildirim ki,dünyanın müxtəlif ölkələrində azərbaycan dilində fəaliyyət göstərən həftəsonu məktəbləri var. Həmin məktəblər üçün nəzərdə tutulan kitabda oxu materialları, yazı bacarıqları, şifahi nitqi inkişaf etdirən müxtəlif səpkili tapşırıqlar dərc edilib.
Əvvəlcə kitab müəllifləri qeyd etdiyimiz həftəsonu məktəblərində olaraq söhbətlər aparmış, dərs proseslərini müşahidə etmiş, müəllimlərlə söhbətlər aparılmış və şagirdlərin dünya görüşü, maraq dairəsi, bilik və yaş səviyyəsini nəzərə alaraq dərsliyi ərsəyə gətiriblər.
Kitabı vərəqlədikcə, orada şagirdlərin oxu, qrammatika və danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə verilən tapşırıqların olduğunu görürük. Dərslikdə şagirdlərin yaş səviyyəsinin nəzərə alındığı diqqətdən yayınmır. Bu da çox önəmlidir. Hər yaşa görə verilən tapşırıqlar var, bir sözlə sadədən mürəkkəbə doğru prinsip yaddan çıxmayıb. Burda bir məqamı unutmayaq. Dünyanın müxtəlif ölkələrində yaşayan uşaqlarımız öz dillərini bilmirlər və ya zəif bilirlər. Bu da onların bilik səviyyələrinin çox aşağı olmasına səbəb olan amillərdən biridir. Yaxın gələcəkdə bu halların aradan qaldırılması üçün nəşr edilən bu dərslik müqəddəs bir işdir və burda əməyi keçən hər bir insana böyük bir təşəkkür düşür.
Demək olar ki, sıfırdan başlanılan kitabda rəngli formatda müxtəlif şəkillər yerləşdirilib.. Son səhifələrdə isə, müəyyən dil bacarıqlarını mənimsəmiş uşaqlara himnimiz, bayrağımız, gerbimiz, mədəniyyətimiz, ,incəsənətimiz, məşhur simalarımız haqda məlumatlar verilib.
Diaspor Komitəsi kitabı dünyanın 60 ölkəsində fəaliyyət göstərən həftəsonu məktəblərinə təqdim edəcək. İlk olaraq, kitabın təqdimatı ərəb ölkəsindən başlanılıb. Hələlik bir neçə nüsxə buraxılıb. Bu İlk nüsxələrdir. Bir sızlə, bütün məktəblərə çatacaq qədər kitabın buraxılması nəzərdə tutulub. Zəngin dilimizin yetərincə öyrənilməsinə, Azərbaycanla bağlı müxtəlif vacib məlumatların toplanmasına xidmət edən dərslik, xaricdəki övladlarımızın təhsilinə gözəl töhfədir.
Ödənişsiz olan dərslik yalnız xaricdəki həftəsonu məktəblərə paylanacaq və ümid edirik ki, bu kitabın faydası gözlədiyimizdən də çox olacaq.