İki nəfərin prezidentliyə namizədliyi ləğv olundu VIDEO
İranda prezidentliyə namizəd olan 8 nəfərin dini əsaslara sadiq olduqları bildirilir
22 May 2013 16:25 Dünyaİranda iyunun 14-də keçiriləcək prezident seçkilərinə namizəd olan sabiq prezident Haşimi Əkbər Rəfsancani və hazırki prezident Mahmud Əhmədinejatın tərəfdaşı İsfəndiyər Rəhim Məşəinin adları namizədlər siyasından çıxarılıb. "Fars" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə qərar İranın seçki idarəetməsi orqanı olan konstitusiya keşikçiləri şurası tərəfindən qəbul olunub. Qərarla bağlı açıqlama verən şura rəhbərliyi 8 namizədin sənədlərini təsdiqləyib. Namizədlər arasında İranın nüvə danışıqları sözçüsü Səid Cəlili, birinci vitse-prezident Məhəmməd Reza Arifin adı qeyd olunur. Səkkiz namizədin hər biri dini əsaslara sadiq olan namizədlər kimi tanınır.
Qeyd edək ki, Haşimi Əkbər Rəfsancani təşviqat kampaniyası zamanı ölkənin sosial və siyasi həyatında çoxsaylı islahatlar keçirəcəyini vəd etmişdi. Onun, eyni zamanda, qərb ölkələri ilə, əsasən də Amerika Birləşmiş Ştatları ilə münasibətləri normallaşdıracağı gözlənilirdi. Konstitusiya keşikçiləri şurasının qərarı ilə bağlı açıqlamasında Məşəi ədalətsizliklə qarşı-qarşıya olduğunu bildirib və qeyd edib ki, vəziyyətlə əlaqədər Əli Hüseyn Xameneiyə müaricət edəcək. Rəfsəncani isə, qərarla bağlı hələlik heç bir açıqlama verməyib. Lakin onun tərəfdarları qərarı sosial mediyada etirazla qarşılayıblar. Seçkilərdən sonra rəsmi Tehranın nüvə proqramı ilə bağlı mövqeyində bir dəyişiklik gözlənilməsə də, danışıqların davam etdirilməsi üçün yeni imkanların yaranacağı proqnozlaşdırılır. İranda 11-ci prezident seçkiləri 2013-cü ilin iyun ayının 14-də keçiriləcək.