Ukrayna ordusu Donetskə yaxınlaşdı

13 İyun 2019 10:30 (UTC+04:00)

Ukraynanın silahlı qüvvələri Marinkada - Donetsk şəhərinin təxminən 25 kilometrliyində yeni mövqeləri tutub.

Bu haqda "Ordu FM" radiostansiyasının efirində Ukrayna ordusunun 24-cü ayrı mexanikləşdirilmiş briqadasının rəsmi nümayəndəsi Nazar İlniskiy bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçılar taktiki vəziyyəti yaxşılaşdırmaq üçün "boz zona"nı tutublar. İlniskiy qeyd edib ki, plan briqada rəhbərliyi tərəfindən ən yüksək komandanlıqla işlənilirdi.

Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.

Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir. Publika.az