Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib

12 İyun 2019 14:45 (UTC+04:00)

Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və bir sıra Bakı şəhər orta məktəblərinin iştirakı ilə II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib.

Olaylar.az bildirir ki, bu Festival 2014-cü ildən etibarən Bakı Avropa Liseyi tərəfindən yaradılan və ADA Universitetinin dəstəyi ilə həyata keçirilən "Sərhədsiz Diplomatiya" ("World Wide Diplomacy") Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində ikinci ildir ki keçirilir.

Builki festivalda dünyanın 17 ölkəsinin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekspozisiyası, rəsmləri, folklor nümunələri təqdim olunub. Festivalı qeyri-adi edən özünəməxsus xüsusiyyətlərindən biri müxtəlif ölkə xalqlarının dilində canlı olaraq səhnələşdirilmiş kiçik pyes nümunələrinin təqdim edilməsi idi.

Ölkəmizi təmsil edən festival iştirakçıları Bakının 4 məktəbinin (Bakı Avropa Liseyi, Bülbül adına musiqi orta məktəbi, Bakı Xoreoqrafiya məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası) 200 nəfərdən çox əksər kiçikyaşlı 1-6-cı sinif şagirdləri olub.

Festivalda Təhsil Nazirin müavini M.Vəliyeva, Xarici İşlər Nazirin müavini A.Əzimov, təmsil edilmiş ölkələrin səfirliklərindən nümayəndələr, Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət xadimləri iştirak edib və festivalın işini yüksək qiymətləndirilib.