Bahar Muradova: “Bu Platforma regionda təhlükəsizliyə daha böyük töhfələr verə bilər”

12 İyun 2019 14:44 (UTC+04:00)

İyunun 12-də Bakıda Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransı keçirilib. "Olaylar" xəbər verir ki, konfrans Milli Məclisin təşkilatçılığı və ATƏT PA ilə əməkdaşlıq çərçivəsində baş tutub. Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova konfransda qeyd edib ki, həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir. B. Muradova deyib ki, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqların və dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrdir: "Hərbi münaqişələr artıb. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa ölkələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə daha böyük töhfələr verə bilər. Zərərçəkən ölkələrin ərazi bütövlüyünə qarşı təhdidlərlə bağlı parlamentlərin mövqeyinin ortaya qoyulması vacibdir. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir".

Vitse-spiker nəzərə çatdırıb ki, təsis edilən Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir: "Regional və qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq. Platformanın Katibliyi Bakıda yerləşəcək".