Ermənistan daha yarım milyard borc alır

12 İyun 2019 12:47 (UTC+04:00)

Ermənistanın dövlət borcu 2019-cu ildə artacaq.

Bu məlumatı "SputnikErmənistan" yayıb. Sayt 2019-cu ildə İrəvanın 490 milyon dollar xarici kredit götürəcəyini bildirib. Bu kreditlərin təxminən 40%-i Rusiyanın payına düşəcək. Götürülən kreditin böyük hissəsi Metsamor AES-in kapital təmirinə xərclənəcək. Digər vəsait isə Moskvanın verdiyi üçüncü hərbi kreditdir.

Rusiya ilə bərabər Dünya Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın KfW bankı, Fransa İnkişaf Agentliyi də İrəvana kredit verəcək. Bu kreditlərin böyük hissəsi müxtəlif layihələrin, o cümlədən "Şimal-Cənub" yol layihəsinin hazırlanmasına xərclənəcək.

Karen Karapetyanın dövründə kreditlərin yalnız layihələr üçün ayrılmasını nəzərdə tutan qərar qəbul edilsə də, İrəvan bu il də qəbul etdiyi qanuna əməl etməyəcək. Belə ki, bu il də İrəvan ümumi büdcənin dəstəklənməsi üçün kreditlər almağa davam edəcək.

Ermənistanın cari ildə alacağı kreditlərin hamısı heç də yeni kreditlər olmayacaq. Belə ki, onların böyük hissəsini davam edən mövcud kredit proqramları təşkil edəcək. Yeni kreditlər isə büdcənin dəstəklənməsi üçün götürülən borclar olacaq. Belə ki, 150 milyon dollar büdcənin dəstəklənməsi üçün götürüləcək.

Götürdüyü 490 milyon dollarlıq krediti isə İrəvan 740 milyon dollar olaraq geri qaytarmalıdır.

Qeyd edək ki, 2018-ci ilin nəticələrinə görə, İrəvanın dövlət borcu 6,923 milyard dollardır. Bu, İrəvan üçün indiyə qədər qeydə alınan ən böyük borc göstəricisidir.

axar