Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görüldü

12 İyun 2019 10:33 (UTC+04:00)

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb.

Olaylar.az bildirir ki, Çingiz Fərzəliyevə mükafatı Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti Viktor Kalinin təqdim edin. Bildirib ki, Çingiz Fərzəliyev V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutunda hazırda Rusiyanın ən tanınmış rəssamları ilə birlikdə təhsil alıb, SSRİ dövründə bir çox mötəbər ümumittifaq rəsm sərgilərinin mükafatçısı olub. 

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Çingiz Fərzəliyevi səfir Polad Bülbüloğlunun adından təbrik edib. O xatırladıb ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Diplomat Bakıda, Heydər Əliyev Mərkəzində görkəmli rəssam Zurab Seretelinin 85 illik yubileyinə həsr olunmuş "Mümkün ölçülər" adlı sərginin açılmasını iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Andrey Zolotov, "Tretyakovskaya qalereya" jurnalının baş redaktoru Aleksandr Rojin və başqaları mərasimdə çıxış edərək Çingiz Fərzəliyevə yaradıcılıq uğurları arzulayıblar.

Çingiz Fərzəliyev yüksək mükafata görə Rusiya Rəssamlıq Akademiyasının rəhbərliyinə və üzvlərinə təşəkkürünü bildirib.