Gəncədə “Mədəniyyət həftəsi”

11 İyun 2019 15:45 (UTC+04:00)

İyunun 11-də Gəncə şəhərində "Mədəniyyət həftəsi" çərçivəsində Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı İsrafil Məmmədovun 100 illik yubileyinə həsr olunmuş "Dönməz iradə" adlı seminar keçirilib. Olaylar.az bildirir ki, İ.Məmmədovun ev-muzeyində keçirilmiş tədbiri Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Seminar İsrafil Məmmədovun abidəsinin önünə gülqoyma mərasimindən başladı.

İ.Məmmədovun ev-muzeyində davam edən seminarda Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili Pərvin Kərimzadə tədbir iştirakçılarını salamlayaraq Azərbaycan gəhrəmanları ölkəmizi hər zaman qələbəyə doğru apardıqlarını vurğuladı.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyevin, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin iştirakı ilə keçirilmiş tədbirdə Böyük Vətən müharibəsinin veteranı Tofiq Hüseynov, AMEA-nın Gəncə bölməsinin nümayəndəsi Elnur Həsənov, məşhur yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin "Ədibin Evi" ev-muzeyinin nümayəndəsi Elnur İmambəyli, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Nurəddin Babazadə, İ.Məmmədov adına 27 saylı məktəb-liseyin direktoru Kəmalə İsgəndərova, İ.Məmmədovun ev muzeyinin direktoru Eldəniz Babayev, yaxın qohumu Fizuli Hüseynov qəhrəman haqqında fikirləri ilə bölüşdü. Qeyd edək ki, bütün çıxışlar İ.Məmmədovun şəxsi yazı masasının yanında həyata keçirilib.

Tədbirin sonunda seminarın iştirakçıları Mərkəz tərəfindən fəxri diplomla təltif olundu.