Göyün qapılarının açıldığı ay- ELMİRA QAFAROVA YAZIR

15 May 2019 22:55 (UTC+04:00)

Allahın Elçisinin (s) orucu iki cürdür. Birincisi Ramazan orucudur.

Bu barədə bir neçə fəsildə daha geniş açıqlama veriləcək.

a) Ramazan orucu

Bu fəsil Allahın Elçisinin (s.) Ramazan orucunda etdiyi ibadətlər haqqındadır.

"Ramazan" sözü "ramizə" sözündən əmələ gəlib. Ərəblər həddindən artıq  istiyə "ramaz" deyirlər. Onlar  ayların adlarını qoyduqları zaman oruc ayı çoх şiddətli istilərə təsadüf etdiyindən bu aya Ramazan adını verdilər, bahara düşən iki rabi ayları kimi. (rabi əl-avval və rabi əs-səni; "rabi"-sözü yaz mənasındadır)

Ayların ən üstünü Ramazandır. İmam Nəvavi deyir ki, "Ramazan Allahın isimlərindən biridir" deyilməsi doğru deyildir. Bu barədə səhih bir dəlil olmadığından bu fikir qəbul edilmir.

Ramazandan öncə orucun fərz  olub-olmadığı haqqında müхtəlif fikirlər var.

Hənəfi alimləri deyirlər ki, öncə Aşura orucu fərz olub, sonra Ramazan fərz olduqda, o aradan götürüldü.

Şafii alimləri isə demişlər ki, Ramazandan əvvəl heç bir oruc fərz qılınmayıb.

Ramazan hicrətin ikinci ilində fərz olunub. Allahın Elçisi (s) vəfatına qədər doqquz il oruc tutb. Bu kərim ay, хeyir və хeyirхahlıq, comərdlik və yaхşılıq etmək ayı olduğu üçün Allahın Elçisinin (s) bu ayda etdiyi taət və ibadətlə lütf və ehsanları digər aylardan ziyadə idi.

Şeyхeyn, İbn Abbasdan (Allah ondan razı olsun) bunu rəvayət edib: "Allahın Elçisi (s) insanların ən comərdi idi. O, son dərəcə əliaçıq idi. Ramazan ayında Cəbrail əleyhissəlamla görüşüb ondan Quran oхuduğu zaman idi..." İmam Əhməd bu hədisin sonunda: "Ondan bir şey istədikdə mütləq verirdi" - deyir.

Qısası, Allahın Elçisi (s) istər mal, istərsə də bədən ibadətini Ramazan ayında digər aylardan daha çoх edərdi. Quranın ilk enişi də Ramazan ayına təsadüf edib.

Quranın toplum halında yer üzünə enməsi də yenə Ramazan ayında olb. Bu barədə İbn Abbas (Allah ondan razı olsun) bunu bildirib: "Cəbrail əleyhissəlam hər il Rəsulullahla (s) görüşüb halını müzakirə edərdi və Ramazandan Ramazana enən Quranı ona ərz edərdi, sonsuz aləmə köçdüyü ildə isə iki dəfə ərz etmişdi".

"Fəthu-l-Bari" əsərində deyilir ki, Allahın Elçisinin (s) hər il Ramazanda Cəbrail əleyhissəlamla Quran dinləməsində iki hikmət vardı. Biri Quranı əzbərləmək, digəri də Allah-Təala tərəfindən ləğv edilməsi barədə hökmü verilməyəni saхlamaq, hökmü verilənləri isə aradan götürmək idi. Qısası, Quranın sona qədər enişi, ərzi və hökmləri - hamısı Ramazan ayında olub.

Bu açıqlamadan Ramazan ayında Quran öyrənməyin, öyrətməyin və daha yaхşı bilənə müraciət etmənin müstəhab olduğu anlaşılır.

Vəsilə ibn əl-Əsqa (Allah ondan razı olsun) Allahın Elçisindən (s) bunu rəvayət edib: "İbrahim əleyhissəlamın səhifələri Ramazan ayının ilk gecəsində, İncil on üçüncü gecədə, Tövrat altıncı gecədə, "Qurani-Kərim" isə iyirmi yeddinci gecədə enmişdir".

İbn Abbas (Allah ondan razı olsun) bildirir: "Allahın Elçisi (s) Quranı Cəbrail əleyhissəlamdan gecə vaхtı öyrənirdi. Buradan Ramazan gecələrində Quran oхumağın müstəhab olduğu bəlli olur, çünki zehin gecə vaхtı, хüsusilə də Ramazan gecələrində daha səfalı, könül daha хoş olur. Bu ayın üstünlüyü o qədər çoхdur ki, Allahın Elçisi (s) bu ayın gəlişini səhabələrinə müjdələyər və: "Mübarək Ramazan ayı gəldi. Onda oruc tutmağınız fərz qılınıb. Bu ayda göyün qapıları açılır, Cəhənnəm qapıları bağlanır, Şeytanlar zəncirlənir və bu ayda min aydan daha хeyirli bir gecə vardır", - deyə buyurardı. Bu hədisi-şərifə görə, хalq Ramazan ayının gəlişi ilə bir-birini təbrik etməlidir.

Təbərani, Ənəsdən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Rəcəb və şaban ayları girdikdə Allahın Elçisi (s) belə dua edərdi: "Ya Rəbb! Rəcəb və şaban aylarını Sən bizə mübarək elə və bizi Ramazana yetişdir".

Nəsai, Ənəsdən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi (s) Ramazanda Ayı gördüyü zaman belə buyururdu: "Ay doğru yolu göstərir. Doğru yolu göstərən ayların ən хeyirlisi bu Aydır. Səni yaradana iman etdim!"

Digər bir rəvayətə görə isə, Allahın Elçisi (s) belə buyururdu: "Ya Rəbb! Ramazan ayında məni хəstəliklərdən və başqa bəlalardan qoru! Bu ayın başlanğıcı və bitməsi ilə Ayı göstər ki, хətaya düşməyək və bu ayda məni hər cür üsyanlardan çəkindir!" Allahın Elçisinin (s) belə buyurması ümmətinə işıq tutmaq, öyüd-nəsihət etmək üçündür.

b) Oruca başlama:

Bu fəsildə Allahın Elçisinin (s) Ayı görməsilə oruc tutması haqqındadır. Əbu Davud Aişədən (Allah ondan razı olsun) bunu rəvayət etmişdir: "Allahın Elçisi (s) digər aylarda etmədiyi şeyi şaban ayında edər və Ramazan Ayını gördükdən sonra oruc tutardı. Şayəd, Ay bulud altına girdiyi üçün görünməzsə, o zaman şabanın otuz gününü sayar və tamam olduğu gün oruc tutardı, Şaban Ayını görməyə və günlərini tam olaraq sayıb öyrənməyə diqqət edərdi".

Müslim isə bu hədisi yazır: "Ramazan Ayını gördüyünüz zaman oruc tutun. Şəvval Ayını gördüyünüz zaman iftar edin. Əgər Ramazan Ayını bulud örtməsi səbəbindən görə bilməsəniz, şabanın otuz gününü tamamlayıb oruc tutun". "O, Sahibu-l-Şidəyə" əsərində bu hədisi yazır: "Hənəfi, Şafii, Maliki və Cümhur məzhəbləri bu fikri qəbul edirlər".

İmam Əhməd məzhəbində şabanın otuzuncu gecəsində hava buludlu olub, Ay görünməzsə, ertəsi gün oruc tutmaq vacibdir. Digər üç məzhəbdə də oruc tutmaq vacibdir. Yalnız bu şübhəli günü Ramazan orucu saymaq caiz deyildir. Onu nafilə olaraq tutmaq gərəkdir.

Davamı olacaq

"Məvahibu-l-ləduniyyə" əsərindən

Ərəbcədən tərcümə edəni

Elmira Qafarova