Paşinyanın diasporla savaşı başlayır - Qanun qəbul edildi

18 Aprel 2019 17:27 (UTC+04:00)

Ermənistan parlamenti birinci oxunuşda hökumət strukturunun dəyişdirilməsinin lehinə səs verib.

Axar.az xəbər verir ki, səsvermədə ümumilikdə 111 deputat iştirak edib. Onlardan 71-i qanun layihəsinin lehinə, 40-ı isə əleyhinə səs verib. Layihənin əleyhinə səs verənlər Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyalarının deputatları olub.

Qeyd edək ki, yeni qanuna əsasən, Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endirilib - kənd təsərrüfatı, energetika, mədəniyyət, nəqliyyat, diaspor nazirlikləri ləğv edilib.

Ləğv edilməsi böyük mübahisələrə səbəb olan Diaspor Nazirliyinin səlahiyyətləri baş nazirin aparatına verilib və burada diaspor məsələləri üzrə baş komissarlıq institutunun yaradılması nəzərdə tutulub.

Digər mübahisəli məqam olan Milli Təhlükəsizlik Xidməti və polisin baş nazirin nəzarətindən çıxarılması məsələsində heç bir dəyişiklik baş verməyib. Paşinyan da Sərkisyan kimi bu iki qurumu öz nəzarəti altında saxlayıb.