Azərbaycan ABŞ-ın ən böyük kitab festivalında təmsil olunub

16 Aprel 2019 10:24 (UTC+04:00)

ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Cənubi Kaliforniya Universitetində tanınmış Los Anceles Taymz qəzeti tərəfindən keçirilən Los Anceles Taymz Kitab Festivalında Azərbaycan geniş təmsil olunub. Qeyd edək ki, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Olaylar.az -a bildirilib ki, konsulluq tərəfindən qurulmuş Azərbaycan stendində Baş Konsulluğa məxsus, eləcə də Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilmiş Ümummilli Lider Heydər Əliyevin həyatına həsr olunmuş, britaniyalı müəllif Qrem Uilson tərəfindən yazılmış kitab, İmadəddin Nəsimi, Mir Cəlal, Anar, Elçin, Kamal Abdulla da daxil olmaqla Azərbaycanın bir sıra tanınmış ədiblərin əsərlərindən ibarət kitablar, Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə və digər bəstəkarlar haqda nəşrlər, Qarabağın qədim musiqi mədəniyyətini, Bakının qədim və çağdaş memarlıq incilərini, ölkəmizin tarixi, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrini, turizm imkanlarını, eyni zamanda zəngin mədəniyyətini, musiqisini və mətbəxini özündə əks etdirən kitab, jurnal, broşür və bannerlər nümayiş etdirilib.

Sərgi iştirakçılarının Azərbaycan ilə bağlı çoxsaylı sualları Baş Konsulluğun əməkdaşları və icma fəalları tərəfindən cavablandırılıb.

Qeyd edək ki, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır.