Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - Muğam Mərkəzində

16 Aprel 2019 10:19 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzin "Unudulmayanlar" layihəsi çərçivəsində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçirilib.
Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində hazırlanıb.
Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən tədbirdə  Xalq artisti Vamiq Məmmədəliyev, əməkdar artist Mirnazim Əsədullayev, Saleh Novruzlu, Haci Əzizağa  çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıblar. 
Tədbirdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artist Gülüstan Əliyeva,  ustad xanəndənin tələbələri Saleh Bədəlov, Rövşən Bəşirov muğamlardan parçalar, xalq mahnılarını səsləndirdilər.
İfaçıları tarda Rövşən Qurbanov, kamançada  Əməkdar artist Toğrul Əsədullayev, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusifli, nağarada Amil Mustafayev və balabanda Rafael Əsgərzadə müşayiət edirdilər.
Ədəbi-bədii gecədə Hacıbaba Hüseynovun şerləri  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Nadir Hüseynovun ifasında  tamaşaçılara təqdim olundu.