Lavrovun “nüvə savaşı” narahatlığının səbəbi

21 Mart 2019 16:23 (UTC+04:00)

Son zamanlar ABŞ və Rusiya arasında silah nəzarəti sahəsində müqavilələr pozulur. Bu da iki ölkə arasında olan münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır.

Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrovun dünyada nüvə müharibələrinin reallaşa biləcəyi ilə bağlı açıqlamasını şərh edən politoloq Zaur Məmmədov deyib. O bildirib ki, ABŞ və Rusiyanın nüvə silahının yayılması, yaxın və orta mənzilli raketlərlə bağlı müqavilələrdən çıxması dünyadakı vəziyyəti daha da gərginləşdirəcək:

"ABŞ və Rusiya arasında, SSRİ və ABŞ arasında olduğu kimi, silahlanma yarışı davam edir. Artıq iş o həddə gəlib çatıb ki, kosmosda hərbi sistemlərin yerləşdirməsi ilə bağlı da onlar arasında yarış başlayıb. Doğrudur, ABŞ və Rusiya arasında nüvə müharibəsinin baş verəcəyini düşünmürəm. Lakin Lavrovun nüvə müharibələrinin başlaya biləcəyi ilə bağlı açıqlaması Rusiyanın ABŞ-ın son hərəkətlərindən, bu müqavilədən çıxmasından çox narahat olmasını göstərir. Bu narahatlıq bundan sonra Rusiyanın da daha çox hərb sənayesinə diqqət ayıracağına işarədir".

Politoloq vurğulayıb ki, ABŞ və Rusiyanın hərbi büdcələri arasında kəskin fərq var:

"ABŞ iqtisadi cəhətdən güclü dövlət olduğuna görə bu gün 700 milyard dollara qədər hərbi büdcəyə sahibdir. Rusiyada isə bu rəqəm 45-60 milyard dollar arasındadır. Faktiki olaraq bu gün Çin də hərbi qüdrətini artıran, bu yarışda iştirak edən ölkələrdəndir. Təəssüflər olsun ki, BMT TŞ-nın üzvü olan bu dövlətlər dünyada sülhün və əmin-amanlığın qorunmasına zidd olaraq, hərbi qüdrətini artırmaq üçün yarışa çıxır. Dünyada gedən qanlı toqquşmaların, müharibələrin əksəriyyəti bilavasitə bu dövlətlərin adı ilə bağlıdır".

axar