Azərbaycan prezidentinin babasının təhsilinə Hacı Zeynalabidin Tağıyev necə kömək edib – tarixi fakt

15 Mart 2019 10:52 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevin babası Əziz Əliyevin təhsil almasına Bakı milyoneri, milli mesenant Hacı Zeynalabidin Tağıyevin ciddi dəstəyi olub. Musavat.com xəbər verir ki, bu barədə tarixçi -yazar Teyyub Qurbanın "Yüz tələbə yüz tale" kitabında yazılıb. Həmin parçanı olduğu kimi təqdim edirik. "Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyev 1951-ci ildə Azərbaycan SSR Nazirlər Sovet sədrinin müavini vəzifəsində işləyərkən Hacı Zeynəlabdin Tağıyevin yaxşılığından dəst-xəttilə yazdığı tərcümeyi-halında bunları xatırlayırdı: " 1917-ci ildə bütün fənnlərdən "5" qiymət almaqla gümnaziyanı qızıl medalla bitirdim. Təhsili davam etdirmək üçün vəsaitin olmadığına görə, maddi yardım üçün o vaxt Bakı milyoneri Tağıyevə müraciət etdim. O mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqəsi yolu ilə Hərbi-Tibb Akademiyasına daxil oldum" (Teyyub Qurban, "Yüz tələbə yüz tale" kitabından).Qeyd edək ki, kitabdan bu parçanı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə yayıb.