Bölgələrdə aqrar sektorun inkişafı əhalinin məşğulluq probleminin həllinə təkan verib

11 Fevral 2019 15:42 (UTC+04:00)

Regionların sosial iqtisadi inkişarı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində ölkədə davam edən inkişaf və tərəqqi artan templə davam etmişdir. Bu inkişaf ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, həmçinin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin etmişdir. Hazırda regional güc mərkəzi olan, bölgədə sabitləşdirici subyekt kimi çıxış edən Azərbaycanda iqtisadi dayanıqlıq təmin edilib. Təsadüfi deyil ki, prezident İlham Əliyev qeyd edib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur: "Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycan uğurla, sürətlə inkişaf  etmişdir. Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuşdur, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir". Yeri gəlmişkən xatırladaq ki, artıq ölkədə Regionların sosial iqtisadi inkişarı ilə bağlı dördüncü dövlət proqramı təsdiq edilib. Bu məqsədlə keçirilən konfransda ölkə başçısı bildirib ki, üçüncü Dövlət Proqramı bütünlükdə uğurla icra olunmuşdur. Ölkə rəhbərinin Fərmanı ilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir.Əminliklə deyə bilərik ki, qazanılan uğurlar, həyata keçirilən islahatlar müstəqil Azərbaycanımızın   qüdrətini artırmaqla yanaşı 4-cü beşillikdə növbəti hədəflərə çatmaq üçün etibarlı bünövrədir. Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası Hacıqabul rayonunda da uğurla icra edilib. Xatıladaq ki, rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən ilinin məhsulu üçün rayonda 43011 hektar sahədə taxıl əkilmişdir. Bunun 31848 hektarını buğda, 11163 hektarını isə arpa əkini təşkil etmişdir. Taxıl sahələrindən 76006 ton məhsul əldə edilmişdir. Sahələrdən 6579 ton tərəvəz, 11378 ton bostan, 495 ton kartof, 11314 ton qarğıdalı, 1172,7 ton pambıq, 6520 ton şəkər çuğunduru, 40,9 ton soya, 11995 ton meyvə, 268 ton üzüm istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 ton kartof, 40 ton günəbaxan, 40,9 ton soya məhsulu, 7 ton üzüm istehsalı çox olmuşdur. Cari  ilin məhsulu üçün 25925 hektar sahədə buğda, 11008 hektar sahədə arpa, 353 hektar sahədə yonca və 321 hektar sahədə xəsil olmaqla ümumilikdə 37607 hektar sahədə payızlıq əkin işləri həyata keçirilmişdir. Rayonda 30 kümçü tərəfindən 1924 kq barama istehsal edilib. Həmçinin, ötən ildə rayonda 1300 ha sahədə pambıq əkilib. Bir sıra hallarda pambıq tarlalarına aqrotexniki qaydalara uyğun quluq edilmədiyindən və ərazilər üzrə kənd sakinlərinin pambıq yığımına kütləvi cəlb edilməməsi səbəbindən rayonun bu sahə üzrə göstərici aşağı olub. Keçən ildən 178,7 ton çox pambıq təhvil verilib.

Son illər rayonda aqroparkların yaradılması istiqamətində bir sıra işlər həyata keçirilib. Padar qəsəbəsi ərazisində "Azərsun" Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılıb. Aqroparkda illik istehsal gücü 20 min ton süd olan 2000 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksində son tamamlama işləri həyata keçirilir, indiyə kimi buraya 1339 baş cins mal-qara gətirilib. Heyvanların gətirilməsi davam etdirilir. Meyniman kəndində 2000 ha torpaq sahəsi olan "Muğan Agro" MMC-yə məxsus aqroparkda infrastruktur yaradılıb, 2 ədəd mal tövləsi, 1 ədəd yem anbarı, 4 ədəd qoyun tövləsi, inzibati bina və digər yardımçı binalar tikilib. Aqroparkın nəzdində 1560 baş qoyunu olan ferma fəaliyyət göstərir. Ötən ildə hər birinin sahəsi 2 ha olan 5 ədəd müasir tipli istilikxananın tikintisi başa çatdırılıb. Bundan əlavə  illik istehsal gücü 5000 ton süd olan 700 başlıq heyvandarlıq (iri buynuzlu mal-qara) kompleksi yaradılmışdır. Hazırda aqroparkda 50 nəfər daimi işləyir. Tam gücü ilə işlədikdə 150 nəfər işçi çalışacaq. Rayonunun inzibati ərazisində müasir iri taxılçılıq və yemçilik təsərrüfatlarının yaradılması məqsədi ilə 30 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək otlaq kateqoriyasından əkin kateqoriyasına keçirilib. Rayonunun Atbulaq kəndində yerləşən 19,91 hektar torpaq sahəsində "AZERBROOD" MMC tərəfindən illik istehsal gücü 9,6 milyon ədəd yumurta olan quşçuluq müəssisəsinin tikintisi işləri davam etdirilir. Tikinti işləri başa çatdıqdan sonra burada 100 nəfərin məşğulluğu təmin olunacaq. Atbulaq kəndində "Hajigabul Greenhouse" MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası ilə istixana tikilib istifadəyə verilib. Kompleksdə 70 nəfər işlə təmin olunub. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən "Hacıqabul Sənaye Məhəlləsi"nin 9 hektar sahəsində aparılan tikinti işləri başa çatıb, hazırda tamamlama və abadlaşdırma işləri aparılır. Burada 970 nəfər layihəyə görə işləyəcək.

Cari il fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş" ASC-nin Rusiya Federasiyasının "Qaz Qrup" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın Rusiyadakı səfiri  Polad Bülbüloğlu, Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər. Məlumat üçün qeyd edək ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat olan layihə üzrə Anlaşma Memorandumu ötən ilin aprelində imzalanıb. Layihənin icraçısı olan "Azərmaş" ASC-yə Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusu verilib. Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq. Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadrat metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümümi dəyəri 60 mln. manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala digər hazırlıq işləri aparılır.

Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində əhaliyə göstərilən kommunal xidmətlər də diqqətdən kənarda qalmayıb. Belə ki, 2018-ci ildə əhaliyə elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Şəhərdə, həmçinin Udullu zonasında, Navahı, Atbulaq, Qarasu kəndləri, Muğan və Pirsaat qəsəbələri ərazisində elektrik təsərrüfatı təzələnib. Eyni zamanda, rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilib. İl ərzində su istifadəçiləri olan əhali qrupuna 80 ədəd, qeyri əhali qrupuna 20 ədəd smart sayğac quraşdırılıb. Hacıqabul Telekommunikasiya Qovşağı tərəfindən Navahı qəsəbəsində 272 nömrə tutumlu EATS-in 50 nömrə tutumlu daxili xətt şəbəkəsi istifadəyə verilib, 100 ədəd telefon və 50 ədəd internet çəkilişi təmin olunub. Rayon mərkəzində 140 ədəd telefon 230 ədəd internet çəkilişi təmin olunub. Əhalinin tələbatına uyğun olaraq xidməti ərazilərdə ümumilikdə 600 portluq müxtəlif tutumlu internet avadanlıqları (DSLAM) quraşdırılıb.

Dövlət proqramları çərçivəsində Hacıqabul şəhərində tikinti-quraşdırma, abadlıq və yaşıllaşdırma, eləcə də infrastruktur işləri davam etdirilib. Belə ki, Ş.İ.Xətai küçəsi 2, 4, 6 və 6a saylı yaşayış binalarının qarşısındakı  məhəllədə geniş abadlıq işləri aparılıb. Həmin küçədə yerləşən mərasim zalında da geniş abadlıq və yenidənqurma işləri aparılıb. Şəhərin Ə.Vahid, Ş.İ.Xətai, M.Əsədov, İ.Qayıbov, Babək, H.Həmidov küçələrində səkilər, hasarlar, darvazalar, su çənləri rənglənmiş, üzlük ağlay daşları yonularaq ağardılıb. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənmiş və fasadı təmir edilib. Ə.Vahid, H.Həmidov, M.B.Nadim, H.Z.Tağıyev, Bakı küçələrinə ümumilikdə 13198 kv.metr yola 6 sm qalınlığında asfalt örtüyü qoyulub. Rayonun 19 min əhalisinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48 km-lik Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan dairəvi avtomobil yolunun tikintisi başa çatmış və yol istifadəyə verilib. Bundan başqa, 11 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən 7,6 km-lik Navahı kənd-Rəncbər-Pirsaat yolu yenidən tikilib istifadəyə verilib. Rayonda mövcud yaşıllıqlara qulluq göstərilməsi ilə yanaşı rayon ərazisində 14 min dekorativ ağac, 12 min gül kolu əkilib. Beləliklə, Rayonun ərazisində fəaliyyət göstərən İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərlə, yerli özünüidarəetmə orqanı olan bələdiyyələr arasında qarşılıqlı əlaqələr yaradılıb, ərazilərdə olan sosial problemlərin həlli istiqamətində bir sıra işlər görülüb. Sadalanan faktlar deməyə əsas verir ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları Hacıqabul rayonunun iqtisadi inkişafında, eləcə də əhalinin sosial problremlərinin həllində əhəmiyyətli rol oynayıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir