Allahşükür Paşazadə Şimali Osetiyaya gedir

25 Yanvar 2019 14:34 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə yola düşəcək. QMİ-dən "Olaylar"a bildirilib ki, nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışında iştirak edəcək. 1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlət başçımıza müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.

Açılışla eyni gündə Vladiqafqazda Azərbaycanın Rusiya, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisəyə həsr olunmuş konfrans keçiriləcək. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, tanınmış elm və din xadimləri iştirak edəcəklər. Şeyxülislam A.Paşazadə və Azərbaycan nümayəndə heyətinin üzvləri həmin konfransda çıxış edəcəklər.Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.