Dini Komitədə Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib

18 Yanvar 2019 17:46 (UTC+04:00)

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib. "OLAYLAR"-a Dövlət Komitəsindən daxil olan məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnaməsi kimi qəbul olunan Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində bir milyon nəfərdən yuxarı insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrundakı birliyini və gücünü bütün dünyaya göstərdi. O, həmin çətin zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təhdid və təzyiqlərə baxmayaraq bütün dövlətlərin və dinlərin başçılarına göndərdiyi müraciətləri xatırladıb.

Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin də təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduğunu deyən Mübariz Qurbanlı diqqətə çatdırıb ki, 20 Yanvar şəhidləri ölkəmizlə yanaşı xarici ölkələrdə də anılır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğı daim diqqət mərkəzindədir.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvarın tarixi barədə danışıb.

Qafqaz Müsəlmanlari İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvar günü baş verənlərlə bağlı xatirələrini bölüşüb, xalqın öz suverenliyi və azadlığı uğrunda mübarizə apardığını vurğulayıb.