Nazirlik: "Son aylarda respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb"

11 Oktyabr 2018 16:46 (UTC+04:00)

"Ölkə ərazisində yaşıllıqların mühafizəsi və qorunması olduqca vacib və prioritet məsələ kimi daim gündəlikdədir". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Xidmət rəhbəri bildirib ki, Nazirlik qeyd olunan məsələ ilə bağlı sərt tədbirlər görür, lakin ağac kəsintisinin tam aradan qaldırılması üçün hər kəsin bu işdə ETSN-ə yardımçı və dəstək olması lazımdır: "Hesab edirik ki, Nazirlik tərəfindən görülən tədbirlərlə yanaşı, təbiətə, yaşıllığa ziyan vuranların cəmiyyət tərəfindən də qınaq obyektinə çevrilməsi, tənbeh olunması davam etdirilməlidir. Çünki çox vaxt ictimai tənbeh inzibati tədbirlərdən daha təsirli olur. Nazirlik ağacların kəsilməsini, yaşıllıqlara göstərilən biganə münasibəti təkidlə pisləyir və təbiətə ziyan vuranlara qarşı bundan sonra da qəti və barışmaz mövqe nümayiş etdirəcək".

İ.İbrahimovanın sözlərinə görə, bu gün görülən tədbirlərin müəyyən nəticəsi var: "Statistika və müşahidələr göstərir ki, son aylarda respublika ərazisində ağac kəsintisi faktları xeyli azalıb. Bu tendensiya həm meşə sahələrində, həm də yaşıllıq massivlərində müşahidə olunur. Ağac kəsintisi hallarının azalması nazirliyin sərt və qətiyyətli mövqe nümayiş etdirməsi ilə bərabər, eyni zamanda vətəndaşların, ictimaiyyət nümayəndələrinin və media orqanlarının da fəallığı ilə əlaqədardır".