Məktəblərimiz mühafizə olunurmu?

11 Oktyabr 2018 16:29 (UTC+04:00)

Təhsil ekperti: "Orta məktəb direktorları məktəblərə düzgün rəhbərlik və nəzarət edə bilmirlər"

Bakı məktəblərindən birində 6-cı sinif şagirdinin məktəbə gözyaşardıcı qaz balonu gətirməsi və nəticədə 8 nəfərin zəhərlənməsi ölkə gündəmini uzun müddət zəbt edəcək. Çünki söhbət məktəbdən gedir.

Bu qədər şagirdin həyatını təhlükəyə atan maddəyə diqqət yetirək:

Gözyaşardıcı qaz (lakrimator) - gözdəki korneal sinirləri stimullaşdıraraq göz yaşına, ağrıya, qusmaya və hətta korluğa səbəb olur. Ümumi lakrimatorlara "bibər spreyi" də daxildir.

Lakrimatorlar daha çox etiraz aksiyalarında etirazçıların dağıdılmasında istifadə edilir. Onların müharibədə kimyəvi maddə kimi istifadə edilməsi müxtəlif beynəlxalq müqavilərlə qadağan edilib.

Bəs bu cür təhlükəli kimyəvi maddə 6-cı sinif şagirdinin əlinə necə keçib?

Bakı şəhər Baş Təhsil İdarəsindən verilən məlumata görə şagird "bibər spreyi"ni atasından alıb.

Valideyn məsuliyyətsizliyi 8 şagirdin həyatına təhlükə törədib. Bu rəqəm daha çox ola bilərdi. Hətta kimyəvi maddə uşaqların ölümünə belə səbəb ola bilərdi.

Bu hadisədən sonra Təhsil Nazirliyi valideynlərə uşaqları məktəbə yollayarkən çantalarına baxmağı məsləhət görüb.

Bu qabaqlayıcı tədbirdir. Lakin təhlükəsizliyin təmin olunması üçün yetərli deyil. Fərz edək ki, şagird dərsə yollanmazdan əvvəl valideyn onun çantasına nəzarət edir və hər şeyin qaydasında olduğunu görür. Bəs təsir altına tez düşəcək yaşda olan şagirdlər təhlükəni çöldən qazanarsa necə olacaq? Məktəbə özü təkbaşına gedib gələ biləcək yaşda olan şagird yolda hər hansı bir təhlükəli  zərərli maddəni birindən alaraq məktəbə daxil ola bilər. Şagird onun hər hansı zərərini düşünmədən əyləncə xatirinə də edə bilər. Onun tam formalaşmayan nəzərində əyləncə kimi qəbul etdiyi hal nəinki özünün və yoldaşlarının, həmçinin məktəbin müəllim heyəti üçün də faciəyə çevrilə bilər.

Bu səbəbdən təhsil müəssisələrində təhlükəsizlik məsələsini sadəcə valideynlərin məsuliyyətinə həvalə etmək doğru deyil.

Xatırlayıram ki, bir il əvvəl Gürcüstanda şagirdlər yeni il priotexnikalarını məktəbə gətirməsin deyə mandatorlar tərəfindən çantaları yoxlanırdı.

Məktəblərdə şagirdlərin çantalarının yoxlanılması onların şəxsiyyətinin formalaşmasına müəyyən qədər mənfi təsir göstərəcək, lakin danılmazdır ki, bu, təhlükəsizlik tədbirini daha da gücləndirmiş olar. 

Təhsil müəssisələrində şagird və tələbələrin təhlükəsizliyinin təmin olunması hər zaman aktual olan əsas məsələlərdəndir.

2011-ci ildə Neft Akademiyasında baş verən qanlı olaydan sonra bu məsələyə diqqət çoxaldı. Bu hadisə isə istər-istəməz təhsil ocaqlarının təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Belə faciələrin bir daha baş verməməsi üçün müəyyən tədbirlər görüldü.

Bu gün bir çox təhsil müəssisələrinin qarşısında təhlükəsizlik kameraları quraşdırılıb. Nəzarətedici texniki qurğuların quraşdırılması müsbət haldır. Lakin təyin olunan mühafizəçilər üçün eyni fikri səsləndirmək olmaz. Təhsil müəssisələrində, özəlliklə də məktəblərdə mühafizəçilər əsasən yaşlı insanlardır və təəssüflər olsun ki, bu mühafizəçilər çox zaman şagirdlər, tələbələr tərəfindən ciddi qəbul edilmir, hətta "lağ" obyektinə çevirilir. Ona görə də mühafizə işində peşəkarlardan, mühafizə şirkətlərinin əməkdaşlarından istifadə olunmalıdır.

Bütün bunlardan əlavə təhlükəsizliklə bağlı şagirdlər arasında maarifləndirmə işlərinin aparılması da zəruri haldır.

Olaylar.az mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədova müraciət edib:

O bildirib ki, nə qədər acınacaqlı olsa da, son zamanlar məktəblilərlə bağlı cinayət hadisələri artıb:

"Bu gün uşaqların və gənclərin təhlükəsizliyini təmin etmək üçün ali təhsil müəssisələri, məktəblər, eləcə də uşaq bağçaları ciddi mühafizə olunmalıdır. Azərbaycan məktəblərində təhlükəsizliyin təşkil olunması məsələsi barədə həmişə söhbətlər gedir. Hətta bir ara bəzi böyük məktəblərdə polis nəzarətçilərinin də təşkil olunması təklif olunub. Amma mən hesab edirəm ki, yaxşı olardı ki, məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsun. Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər gün hər mərtəbədə bir müəllim növbətçi olmalıdır. Ən əsası məktəbin qapısında da etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanlardan sorğu-sual etməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz. Buna qanunvericilik də icazə vermir".

Ekspert qeyd edib ki, çox vaxt məktəblilərlə bağlı bədbəxt hadisələr təkcə məktəbdə baş vermir, təhlükənin miqyası daha da pis həddə çatıb və azyaşlı uşaqların tərəfindən baş verir:

"Nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidirlər. Uşaq bir neçə gün dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar. Bəlkə heç evdə də deyil, evdəkiləri "məktəbə gedirəm" adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır. Təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil. Bir çox məktəblərdə məktəb intizamı qaydaları yerinə yetirilmir. Məktəblərin mühafizəsi lazımi səviyyədə deyil. Ona görə də bu məsələni qabartmaq lazımdır. Məktəblərdə mühafizə deyən kimi, o saat polis yada düşür. Məsələ məktəblərə polislərin cəlb olunmasında deyil. Məktəblərin öz daxili intizam qaydalarını yüksəltmək lazımdır. Onda məktəblərin təhlükəsizliyi təmin olunacaq. Bu gün ali təhsil müəssisələrində hər fakültə üzrə növbətçilər olur. Ümumiyyətlə, ali təhsil müəssisələrində polislər də olur. Ali məktəblərdə mühafizəçilər var və onlar hamısı öz işlərini görürlər. Mühafizə sistemi orta məktəblərdə yoxdur".

Kamran Əsədov vurğulayıb ki, uşaq bağçalarının da mühafizəsi yox dərəcəsindədir:

"Uşaq bağçalarında kameraların yerləşdirilməsi bu səpkidə görünən təqdirəlayiq işdir. Amma yenə də bu məsələlər öz həllini tapmalıdır. Təəssüflər olsun ki, əksər məktəblərdə bu xidməti ya xadimələr, ya da müəllim heyəti yerinə yetirir. Həmin şəxslər isə bu sahədə xüsusi bacarıqlara malik olmadığından bu da mühafizənin etibarlı olması barədə şübhə yaradır. Yəni, hər hansı kənar şəxs rahatlıqla içəri daxil ola bilər. Həm də yalnız məktəbin daxili deyil, həyəti də qorunmalıdır. Kənar şəxslər məktəblərin həyətinə belə buraxılmamalıdır. Ümumtəhsil məktəblərinin mühafizə polisi ilə təmin olunması üçün orta məktəbin büdcəsində kifayət qədər vəsait yoxdur. Baş verən hadisələr onu göstərir ki, orta məktəb direktorları məktəblərə düzgün rəhbərlik və nəzarət edə bilmirlər. Məktəbin psixoloqu çətin idarə olunan, problemli şagirdləri nəzarətə götürüb onlarla iş görməlidir. Məktəblərin təhlükəsizlik kameralarına ciddi nəzarət olunmalı və hər bir məktəbdə Məktəblinin Dostu layihəsi tətbiq edilməlidir".

Nigar Orucova