Bakıda müəlliməni "rüsvayçı materiallar"la şantaj etdilər – Cinayət işi

11 Oktyabr 2018 15:47 (UTC+04:00)

Hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses oktyabrın 15-də davam edəcək.

İttihama görə, bu ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib.

Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir.

Teleqraf.com