Tufanın zərər vurduğu “Kansay” aeroportu beynəlxalq reysləri bərpa edib

14 Sentyabr 2018 17:20 (UTC+04:00)

Yaponiyanın Osaka şəhərindəki "Kansay" aeroportu "Cebi" tufanından sonra əsasən beynəlxalq reyslərin uçduğu birinci terminalın işini qismən bərpa edib.

Sentyabrın 14-də birinci terminaldan 83-ü beynəlxalq reys olmaqla, ümumilikdə 122 reysin həyata keçiriləcəyi bildirilir.

Xatırladaq ki, mütəxəssislərin son 25 ilin ən güclü tufanı adlandırdığı "Cebi" tufanı sentyabrın əvvəllərində Yaponiyaya çatıb. Tufan əsas zərbəni Osaka, Kobe və Kioto şəhərlərinin yerləşdiyi Kansay regionuna vurub. Təbii fəlakət nəticəsində 11 nəfər həlak olub, 610 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Siklonun gətirdiyi leysan yağışlar nəticəsində "Kansay" aeroportu su altında qalıb. Aeroportu şəhərlə birləşdirən körpü lövbərdən qopan tankerin ona çırpılması nəticəsində hərəkət üçün yararsız hala düşüb. Aeroportun iki terminalında təqribən 3 min nəfər blokada vəziyyətində qalıb. Aeroportda qalan insanlar yalnız ertəsi gün bərə vasitəsilə təxliyə olunublar.

Aeroportun daxili reysləri həyata keçirən ikinci terminalında iş ötən həftə bərpa olunub. Mütəxəssislərin rəyinə görə, "Kansay" aeroportu yalnız cari ayın sonunda tam gücü ilə işləyəcək.

Azərtac