“Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - MÜNASİBƏT

14 Sentyabr 2018 16:43 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə ölkə başçısı Dağlıq Qarabağ məsələsini ciddi şəkildə ortaya qoydu. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illər boyu həll olunmaması, ATƏT-in yaratdığı Minsk qrupunun fəaliyyətsizliyi, bir nəticə əldə olunmaması, eləcə də bu gün Ermənistan rəhbərliyinin səsləndiyi bəyanatlarla bağlı idi".

Bunu millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, 27 ildən çox bir müddətdir ki, münaqişə həll olunmur və torpaqlarımız işğal altındadır: "Məhz bu cəzasızlığın nəticəsidir ki, bu gün Paşinyan tərəfindən bu cür sərt bəyanatlar səsləndirilir. Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT MQ həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Bu məsələlərə çoxdan son qoyulmalı idi. Çünki bütün dünya ictimaiyyəti də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul olunub. Həmçinin bu gün beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü dəstəkləyir. Bunun uzun müddət qalmasının kökündə düşünürəm ki, dünyada ikili standartların, ikili yanaşmaların olmasıdır. Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə səsləndirdiyi fikirlərdən sonra bu məsələyə münasibətdə müəyyən qədər dəyişiklik ola bilər və olmalıdır. Bu günə qədər uzun müddətli münaqişənin qalması və bundan sonra da əgər status-kvo dəyişilməzsə Azərbaycan öz gücü ilə torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır".

SİA