Gürcüstanın yeni baş prokuroru seçilib

11 İyul 2018 18:24 (UTC+04:00)

Gürcüstanın Ədliyyə Nazirliyinin Prokurorlar Şurası ölkənin yeni baş prokurorunu seçib.

Yeni baş prokuror vəzifəsinə Gürcüstan Hökuməti administrasiyasının rəhbəri Şalva Tadumadze seçilib.

Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze ölkədə iki məktəblinin qətlindən sonra yaranmış gərgin vəziyyətlə əlaqədar mayın 31-də istefa vermişdi.

Sonra ölkənin baş prokuroru vəzifəsinə 20 nəfərin namizədliyi irəli sürülsə də sonda 3 nəfər qalıb. Onlardan biri Şalva Şavqulidze Prokurorlar Şurasında keçirilən səsvermədən qabaq namizədliyini geri götürüb. İki nəfər arasında gedən mübarizədə Şalva Tadumadze rəqibi Nino Qoqnaişvilini üstələyib.

Yeni baş prokurorun namizədliyi Ədliyyə Nazirliyi tərəfindən parlamentə təqdim olunub. Parlament namizədi baş prokuror vəzifəsinə təsdiq etdikdən sonra o, fəaliyyətə başlaya bilər.

AZƏRTAC