“Uşaq üçün yazmaq istəyirəm” deməklə, uşaq yazarı olmaq olmur

5 İyul 2018 12:32 (UTC+04:00)

Müsahibimiz "Bir gün dərsdən sonra", "Yeşil gözlü kız" (türk dilində), "Yaşıl gözlü qız", "Hamıdan qəşəng", "Qeyri-səlis riyaziyyatın bəzi elementləri", "Aysu", "Şakti, qadın dili ", "Xoşbəxt arı", "Riyaziyyat əyləncəli ola bilərmiş", "Zamanın əsirləri", "Kompüterin qəribə tarixi", "Tələtin sirri", "Kompüterin kələyi", "İki gül", "Ulduz pərisi", "Məstan və Babu", "Dostum Mimi" uşaq kitablarının müəllifi Reyhan Yusifqızıdır. Reyhan xanımla birgə uşaq ədəbiyyatının problemlərindən danışdıq.

- Reyhan xanım, ilk olaraq uşaq ədəbiyyatının bu günkü vəziyyətinə nəzər salmaq istərdim.

- Bu gün Azərbaycan uşaq ədəbiyyatında vəziyyət o qədər də ürəkaçan deyil. Bu boyda ölkədə barmaqla sayılacaq qədər uşaq yazıçıları var. Az olsaq da, bacardığımızı edirik. Bizə dəstək lazımdı.

Dəstək deyəndə mən əsasən kitabların çapını, satışının təşkilini, reklamını nəzərdə tuturam. Müəllif kitab yazır. Onun çapı haqqında düşünməli deyil. Bizim yazdığımız kitablar cəmiyyətə lazımdı. O zaman cəmiyyət də bizə dəstək olmalıdı. Təəssüf ki, bu dəstək hələ də yüksək səviyyədə deyil. Ona görə əziyyət çəkirik. Demək olar ki, xeyriyyəçiliklə məşğul oluruq. Bu işin maddi tərəfinin olmadığını bilirəm. Amma yazmaya da bilmirəm.

İşin başqa bir tərəfi isə odur ki, kitabı yazıb, təqdim edəndə uşaqların gözlərindəki o məsum sevinci görəndə, uşaq dilində təşəkkürlərini eşidəndə bütün problemləri unuduruq.

- Uşaq yazarlarından ibarət bir qurumun yaradılmasına ehtiyac olduğunu düşünürsünüzmü?

- Əlbəttə. Düzü, Firidun bəy Köçərili adına Uşaq Kitabxanası uşaq yazarlarını bir yerə toplayıb müntəzəm olaraq layihələr həyata keçirir. Mən onların "Karvan" layihəsi ilə iki dəfə bölgələrimizdə uşaqlarla görüşmüşəm. Uşaq yazarları arxa plandadı. Mükafatlar veriləndə, təqdimatlarda nədənsə uşaq yazarları xatırlanmır. Onsuz da çox az sayda uşaq yazarımız var. Amma buna baxmayaraq bizim də dünya uşaq ədəbiyyatına tövhə verə biləcək əsərlərimiz var. Təəssüf ki, əlaqədar qurumlar buna təşəbbüs göstərmir. Bir yazarın isə buna maddi gücü çatmır.

-Uşaq ədəbiyyatının çapında, yayımlanmasında hazırda hansı çətinliklərlə üzləşirsiniz?

-Mən özümü xoşbəxt yazıçılardan hesab edirəm ki, heç bir kitabımı öz vəsaitim hesabına çap etdirməmişəm. Kitablarımın hər biri üçün simvolik də olsa qonorar almışam.

Nəşriyyatlar kitabımı alıb və nəşr edib. Bu günkü gündə belə hal çox az olur. Adətən, müəlliflər öz vəsaitləri hesabına kitablarını nəşr etdirirlər.

Kitabın çap problemləri ilə məşğul olmaq, dizayner və rəssam işi, piarı ilə məşğul olmaq olduqca çox zaman alır. Mənim bu işlərə vaxtım yoxdur. Müəlliməyəm, vaxtımın çox hissəsini tələbələrimə, aspirantlara, elmi tədqiqat işlərinə sərf edirəm.

-İlk hansı əsəriniz naşirlərin diqqətini çəkdi və siz bu problemlərdən azad oldunuz?

-Elmi fantastik janrda yazılmış bir povestim: "Yaşıl gözlü qız" Türkiyədə mükafat aldı. Bundan sonra əsər naşirlərin diqqətini cəlb etdi və orta məktəb proqramına salındı. Bu əsərin sayəsində yazıçı kimi tanındım və Azərbaycan Yazıçılar Birliyinə qəbul olundum. Artıq imzama ciddi yanaşdılar. Daha sonra yazdıqlarımı dərsliklərlə işləyən ekspert qrupuna təqdim etdim. Onlardan da müsbət cavab aldım. Bu ardıcıllıqla uğurlarım davam elədi.

-Xarici ölkələrdə yetginlik yaşına qədər bütün yaş uşaqlar üçün əsərlər yazılır. Biz də isə uşaq yazarları 10 yaşa qədər uşaqlar üçün kiçik həcmli hekayələr yazırlar. 

-Əslində, bu, məsələnin çox vacib tərəfidir. Uşaq oxucularının yaş həddini mütləq nəzərə almaq lazımdır. Əgər uşağın yaşına, dilinə uyğun kitab vermirsənsə, təqdim etdiyin kitab onun üçün maraqsız olacaq. Uşaq belə olan halda başa düşmədiyi kitaba qarşı laqeyd qalacaq və oxumağın daşını atacaq. Valideyndən yaxşı uşağı heç kimi tanımır. Analar, atalar uşaqlarının xarakterinə, zövqünə, marağına uyğun kitab almalıdırlar. Amma bir həqiqət də var ki, bizim cəmiyyətdə hər valideynin intellekt səviyyəsi buna çatmır.

Son zamanlar uşaq yazarları və nəşriyyatlar buna diqqət edirlər, kitabların üstündə hansı yaş həddinə uyğun olduğunu yazırlar. Valideyn uşağa elə bir kitab seçib verməlidir ki, uşaq onu bəyənsin, kitab ona maraqlı gəlsin və asılılıq yaratsın.

Mənim hər yaş qrupundan olan uşaqlar üçün kitablarım var. Hətta deyərdim ki, auditoriyam daha genişdir. Çünki, valideynlər də mənim kitablarımı oxuyurlar. "Dostum Mimi", "Məstan və Babu", "Tələtin sirri" 7-10 yaş qrupu üçün olan kitablardır.

9+ yaş qrupu üçün elmi-kütləvi ədəbiyyat seriyası işləmişəm: "Riyaziyyat əyləncəli ola bilərmiş", "Komputerin qəribə tarixi" kitablarını yazmışam. "Zamanın əsirləri", "Aysu" macəra kitablarım var.

Kitabaqarşı alternativ qüvvələrin mövcud olduğu zamanda valideyinlər uşaqlarda kitaba marağı necə yaratmalıdılar?

-Mənim müşahidələrimə görə Azərbaycan mühitində valideynlər, birinci, uşağın yeməyinə, ikinci, geyiminə diqqət yetirir. Sonda isə onun mənəvi dünyasına baxır. Halbuki, bu birinci olmalıdır. Baxın, Kiplinqin qəhrəmanı Mauqli meşəyə düşür və onun yaşamasını heyvanlar təmin edir, ona kömək edirlər. Amma onlar Mauqliyə mənəvi qida verə bilmir. Ona görə də Mauqli insan ola bilmədi.

Mənəvi qida çox vacib amildi. Bununla biz uşağın şəxsi keyfiyyətini müəyyənləşdiririk. İlon Maskın bir sözü var: "Uşağınıza edəcəyiniz ən böyük yaxşılıq o olar ki, ona kitabı sevdirəsiniz. Onda siz onun keyfiyyətli şəxsiyyət kimi yetişməsini, gələcəyini təmin eləmiş olarsınız". İctimai rəyi elə yönəltmək lazımdır ki, valideynlər birinci növbədə uşağın mənəviyyatını zənginləşdirməyi təmin etsin.

Bu gün həqiqətən də kitaba alternativ çoxdur. Uşağı kompüterdən ayırıb, kitaba yönləndirmək heç də asan məsələ deyil. Burada ən böyük iş uşaq yazarlarının payına düşür. Elə yazmalıyıq ki, o dərəcədə cəlbedici və maraqlı olmalıdır ki, uşaq telefonu, kompüteri deyil, kitabı seçsin.

Bundan başqa kitabın özünü də əyləncə kimi uşağa təqdim etmək lazımdır. Əgər, biz uşaqları kitabın bu sehrli dünyasına gətirə biliriksə, deməli uşaqla düzgün işləyirik. Əks halda xəta bizdədir.

-Rus və türk uşaq yazarlarının kitabları satışda üstünlük təşkil edir.

-Bilirsiniz, bunun qarşısını almaq lazım deyil. Onlar da olmalıdır. Biz gərək onların qarşısına qoya biləcək öz kitablarımızı təqdim edək, onlarla rəqabətə girməyi bacaraq. Şəxsən mən hansısa ölkənin uşaq yazarları ilə rəqabətə girməkdən qorxmuram, müxtəlif yaş qrupuna uyğun kitablarım var: nağıllardan tutmuş uşaq və yeniyetmələr üçün poema və romanlara qədər. Bizim dünya uşaq yazarlarından bir üstünlüyümüz var: uşaqlarımıza təqdim etdiyimiz obrazlar onlara daha yaxındır, təsvir etdiyimiz mühit uşaqlara daha doğmadır. Onlar burada özlərini, dostlarını, öz həyatlarını görürlər.

İş təkcə yaxşı əsər yazmaqla bitmir. Kitabın üz qabığı, dizaynı, rəssam işi bir -birini tamamlamalıdır.

-Reyhan xanım, əvvəllər məktəblərdə uşaqlar üçün bədii ədəbiyyat təbliğ olunurdu. Sinifdənxaric oxu bölümləri olurdu. Amma bu gün o sistem bir qədər zəifdi.

-Bəli, məktəblərdə mütaliənin təbliği çox vacibdir. Uşağa məktəbdə hansı ədəbiyyat tapşırılırsa, əsasən, onu oxuyur. Müəllim tapşırmayıbsa, uşaq əlavə nəsə oxumaq istəmir. Fikrimcə, məktəblərdə hansı siniflər hansı əsərləri, müəllifləri oxumalıdır deyə bir qayda, sistem qurulmalıdır. Məsələn, nağıl, fantastika, klassik ədəbiyyat həftələri təşkil edib, uşaqlarda oxumağa maraq yaratmaq olar. Əsas da kitabxanalara müraciət etmək istərdim. Uşaqlarla yaxşı işləyən kitabxanaçılar var: strendlər düzəldir, müsabiqə keçirir, uşaqlar üçün kitab həftələri təşkil edirlər. Çatışmayan yeganə cəhət kitabxanalarda satış guşələrinin olmamasıdır. Həmçinin məktəblərdə də kitab satış guşələri yaradılmalıdır. Uşaq bəyəndiyi kitabı almaq, aparıb evdə öz kitab rəfinə qoymaq istəyir. Əgər, məktəbdə kökə, su, qələm, dəftər satılırsa niyə kitab satılmamalıdır?

-Reyhan xanım, tələbələriniz arasında uşaqlar üçün yazmağı düşünənlər var?

-Bilirsiniz, uşaqlar üçün yazmaq asan deyil. Gərək, maraqlı, öyrədici, əyləncəli və ilk növbədə uşaqların anlayacağı dildə yazasan. Uşaqlar üçün yazan böyüklər üçün də yazacaq, amma böyüklər üçün yazanların heç də hamısı uşaqlar yaza bilmir. "Uşaq üçün yazmaq istəyirəm" deməklə, uşaq yazarı olmaq olmur. Uşaq yazarı kimi doğulmalısan. Əminəm ki, gənclər arasında uşaq yazarları var. Bir az stimul olsaydı, bu sahəyə gələnlər daha çox olardı. Gənclər məhz maddi gəliri üstün olan yerlərə üz tuturlar. Bunu da anlayışla qarşılayıram.

-Bu gün uşaqlar bizim müəlliflərin təqdimatında Azərbaycanın tarixini, mədəniyyətini təbliğ edən yeni teatr və televiziya tamaşalarından, cizgi filmlərindən məhrumdurlar. Efirlərdə yayımlanan Azərbaycan cizgi filmləri artıq uzun zamandır ki, çəkilib. Yeni təqdim olunan animasiyalar isə qonşu dövlətlərin mədəniyyətini təbliğ edir.

-Cizgi filmləri və filmlər üçün ssenarilər yazmışam. "Yaşıl gözlü qız"ın ssenarisini yazıb, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasına təqdim etmişdim. Mənə dedilər ki, bu əsəri çəkmək üçün bizdə müasir texniki avadanlıq və bu avadanlıqla işləyən mütəxəssislər yox dərərcəsindədir, əsəri heyf eləməyin. Belə deyiləndə təbii ki, mən əsərimi ordan götürdüm. Amma ayrı-ayrı məktəblərdə məktəblilər mənim əsərimi özləri səhnələşdiriblər. Çox istərdim ki, əsərlərim əsasında bədii film, cizgi filmləri, animasiyalar çəkilisin. Təəssüf ki,Azərbaycanda bu sahədə də boşluq var.

-Uşaqlar üçün yeni, müasir personajlar yoxdur. Bu personajların yaradılması üçün yeni layihələr, əsərlər səhnələşdirib uşaqlara təqdim edilməlidir.

-Bu gün həmçinin uşaqlarımız üçün televiziyada kanal seçimi demək olar ki, yoxdur. Uşaqların şəxsiyyətinin formalaşmasında maarifləndirici verilişlərin əhəmiyyəti böyükdür. Mən həm rus bölməsində, həm də Azərbaycan bölməsində işləyirəm. Rus bölməsində təhsil alan uşaqların savad səviyyəsi daha aşağı olsa belə, dünyagörüşü daha genişdir, onlar öz fikirlərini daha rahat ifadə edə bilirlər. Çünki Rusiya televiziya məkanında uşaqların kanal seçimi böyükdür, onlar üçün intelektual, maarifləndirici proqramlar üstünlük təşkil edir. Rus dilində elmi-kütləvi və öyrədici kitabların, gözəl dizayna malik jurnalların sayı-hesabı yoxdur. Gələcəyimizi etibar edəcəyimiz nəsli bu gün yetişdiririk. Məncə burada qənaət etməməliyik. Uşaqlarımızın maariflənməsinə böyük investisiyalar qoyulmalıdır.

Nigar Adil