Azərbaycan Cümhuriyyəti Azərbaycan türklərinin bu coğrafiyada yaratdığı dövlətlərdən yalnız biridir

21 İyun 2018 13:56 (UTC+04:00)

Faiq Ələkbərli: "Böyük Britaniya, ABŞ, Rusiya Federasiyası, Türkiyədə Cümhuriyyətlə bağlı arxivlərin yenidən işlənməsinə, cəmiyyətə çatdırılmasına ciddi ehtiyac var"

Cümhuriyyətin 100 illiyi ilə bağlı Olaylar.az AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyasıyla əlaqələr üzrə müavini, dosent, f.ü.f.d. Faiq Ələkbərlinin (Qəzənfəroğlu) ilə geniş söhbət etdik. 100 illik Azərbaycan Cümhuriyyətinin tarixinə, qurucularının həyat və fəaliyyətinə birgə nəzər saldıq.

- Cümhuriyyətin 100 illiyinin qeyd olunması hansı baxımdan əhəmiyyətlidir?

- Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı həyata keçirilən hər bir tədbirin özünə görə böyük önəmi vardır. Hər bir Azərbaycan vətəndaşı tutduğu vəzifəsindən ya da təmsil olunduğu sosial təbəqəsindən asılı olmayaraq bu kimi milli məsələni dərindən dərk etməli, Cümhuriyyətin Azərbaycan türklərinin tarixindəki yerini və rolunu doğru anlamalıdır. İlk növbədə, bu gün 100 illiyini qeyd etdiyimiz Cümhuriyyətin hansı şərtlər altında yaranmasının, eyni zamanda onun quruluşu ilə Azərbaycan xalqının taleyində baş verən dəyişikiliklərin milli fəlsəfi dərkinə ciddi ehtiyac vardır. Azərbaycan xalqının Cümhuriyyət ideyaları ilə yaxından tanış olması, onu daha çox dərk etməsi vacibdir. Hesab edirəm ki, Cümhuriyyətlə bağlı tədbirlər Azərbaycan xalqını sözün həqiqi mənasında onunla yaxınlaşdırır, 70 illik "Sovet Azərbaycanı"nın unutdurur. Etiraf etməliyik ki, hazırda bir çox azərbaycanlıların təfəkküründə milli Azərbaycan Cümhuriyyətindən çox, yaxın tarixdə yaşadığı "Sovet Azərbaycanı" yer tutmuşdur. Yəni bir çoxları, xüsusilə də yaşlı nəsil üçün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətini qavramaq, onu dərk etmək çox da asan deyildir. Bunun əvəzində, hələ də sıralarımızda dünənə qədər yaşadığı ya da yaşamağa məcbur olduğu "Sovet Azərbaycanı"nı özünə daha çox yaxın görənlər var. Əslində bu bir ictimai psixolji məsələdir. Hər halda bir quruluşun dəyişməsi ilə dərhal ictimai şüurda ciddi dəyişikliklərin baş verməsini gözləmək düzgün deyil. Yəni bir quruluşdan başqa bir quruluşa keçid, yaxud da müstəmləkəçilkdən müstəqilliyə dönüş bi an içində hər şeyin dəyişməsi demək deyildir. Bunun üçün həm müəyyən bir zamana, həm də milli şüurun yenidən formalaşmasına ehtiyac vardır. Bu baxımdan Azərbaycan insanının Cümhuriyyət ideyaları ilə yaxından tanışlığı imkan verir ki, onu "Sovet Azərbaycanı" ilə müqayisə edərkən daha obyektiv və milli mövqe ortaya qoya bilsin. Deməli, Cümhuriyyətin 100 illik yubileyinin qeyd olunması Azərbaycan insanını onunla daha da yaxınlaşdırır və yaxınlaşdırmalıdır da.

- Faiq bəy, nədən Qafqazda yaranan yeni Türk dövlətinə "Azərbaycan" adı verildi və bu adın verilməsinin əsas müəllifi kimdir? Çünki hazırda bu məsələlərlə bağlı bir-birinə zidd müxtəlif fikirlər səslənməkdədir...

- Doğrudan da, Cümhuriyyətimizlə bağlı burada diqqət yetirilməsi vacib olan əsas məsələlərdən biri 1918-ci il mayın 28-də Böyük Azərbaycan torpaqlarının kiçik bir hissəsində qurulan yeni Türk dövlətinə "Azərbaycan" adının verilməsidir. Bizcə, Cümhuriyyətin 100 illiyini qeyd etdiyimiz bir zamanda "Azərbaycan" adının nədən yeni bir Türk dövlətinə verilməsi və sonralar bu ad altında başqa manipulyasiyaların ortaya çıxması məsələlərinə aydınlıq gətirilməlidir. Hesab edirəm ki, həmin dövrdə yeni Türk dövlətinə "Azərbaycan" adının verilməsi siyasi-ideoloji anlam daşımış və böyük hədəfləri özündə əks etdirmişdir. Çünki zahirən "Azərbaycan" adı yeni Türk dövlətinin əsas nüvəsi olan Azərbaycan türklərinin milli kimliyi ilə üst-üstə düşmürdü. Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycan türkçülüyünün irəlidə gələnlərin böyük çoxluğu da, bu səbədən "Azərbaycan" adına etiraz etmiş və yeni dövlətin adında Türk kimliyinin öz əksini tapmasını vacib hesab etmişlər. Ancaq yeni Türk dövlətinə "Azərbaycan Cümhuriyyəti" adının verilməsinin müəllifi, həmin dövlətin qurucusu, böyük mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin dahiyanə, müdrikscəsinə ortaya qoyduğu dəllilər əsasında "Azərbaycan" adı üzərində dayanılmışdır. Bu zaman sual yarana bilər ki, "Açıq söz" qəzetində türkçülük, çağdaşlıq və islamçılıq "üçlüyü" əsasında milli mücadilə verən Rəsulzadə nə üçün yeni Türk dövlətinə "Azərbaycan" adının verilməsini irəli sürmüş, üstəlik əvvəlcə buna etiraz edən bir çox əqidədaşlarını da razı sala bilmişdir?

Zənnimizcə, Rəsuzladənin yeni türk dövlətinə "Azərbaycan" adını verməsinə əsas səbəb Azərbaycan türklərini bir arada tutmaq, yəni "Böyük Azərbaycan" ideyasından çıxış etməsi idi. Belə ki, türkçülüyün öndə gələn ideoloqlarından olan Rəsulzadə Türk birliyi məsələsində fərqli yol tutmuş, o, bu məsələdə klassik Turançılığı deyil, Yeni Turançılığı müdafiə etmişdir. Əgər klassik Turançılıq bütün Türk xalqlarının vahid dövlətinin yaranmasını hədəfləyirdisə, Yeni Turançılqıda isə Türk xalqlarının ayrı-ayrıqlıda müstəqil dövlət yaratmaları zəruri görülürdü. Bu anlamda dövrün şərtləri altında Yeni Turançılıq ideyasını müdafiə edən Rəsulzadə bütün Türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin müstəqil dövlətə sahib olmalarını istəmişdir. Məhz bu ideyadan çıxış edən Rəsulzadə "Qafqaz türkləri" ilə "İran türklərini" ayrı-ayrı türk xalqı deyil, onları birlikdə "Azərbaycan türkləri" kimi qəbul etmiş, öz təbrincə desək, el dilində "bir bezin qırağı" adlandırmışdır. Buna ən bariz örnək də onun 1916-cı ildə "Açıq söz" qəzetində yazdığı "Nə İran, nə də Qafqasiya?" məqaləsidir. Həmin məqaləsində Rəsulzadə yazır ki, nə Qafqaz türkü "qafqazlı", nə də İran türkü "iranlı"dır: onların hər ikisi Azərbaycan türkü, azərbaycanlıdırlar. Eyni zamanda, "Azərbaycan" adı yalnız bir coğrafiya adı deyil, əsas nüvəsini Azərbaycan türkləri təşkil edən "Azərbaycan milləti"dir.

İndi bəzi tədqiqatçıların yazması ki, yeni Türk dövlətinə "Azərbaycan" adını Nəsib bəy Yusifbəyli vermişdir, tamamilə yanlışdır. Rəsulzadənin özünün də yazdığı kimi N.Yusifbəyli Azərbaycan muxtariyyəti ideyasının siyasi müəllifidir. Bu isə o deməkdir ki, çar Rusiyasının süqutundan sonra (1917-ci il fevral) Gəncədə yaranmış Türk-Ədəmi Mərkəziyyət Partiyası və onun lideri N.Yusifbəyli yeni Rusiya daxilində Azərbaycanın siyasi muxtariyyətini ilk dəfə irəli sürmüşdür. Yəni burada N.Yusifbəylinin türk dövlətinə "Azərbaycan" ya da digər bir ad verməsindən deyil, o zaman daha çox Qafqaz türkləri kimi tanınan Azərbaycan türklərinin yeni Rusiya çərçivəsində siyasi muxtariyyət tələb etməsindən gedir.

- Sizcə, Cümhuriyyət qurucularının həyat və fəaliyyətləri yetərincə araşdırılırmı?

-  Ümumiyyətlə, mən "Cümhuriyyət qurucuları" sözünü uğurlu hesab etmirəm. Çünki Cümhuriyyətin bir qurucusu, bir banisi olmuşdur: Məhəmməd Əmin Rəsulzadə. Biz tarixə nəzər salanda da görürük ki, bütün dövlətlərdə əsas qurucu kimi bir şəxsin adı ön planda olmuşdur. Əlbəttə, bu o demək deyil ki, bu zaman həmin dövlətlərin qurulmasında mühüm rol oynamış diğər şəxslərin rolu kiçildilməlidir. Əsla. Məsələn, biz bilirik ki, Səfəvi Türk dövlətinin qurucusu Şah İsmayıl hesab olunur. Ancaq tarixi həqiqətdir ki, Şah İsmayılı taxta çıxaran və bu dövləti yaradan Türk bəyləri olmuşlar. Ancaq bütün hallarda dövlətin qurucusu kimi Şah İsmayılın adı çəkilir, bu da təbiidir. Eyni sözləri Qaraqoyunlu Türk dövləti, Əfşar Türk dövləti, Qacar Türk dövləti və başqaları haqqında da deyə bilərik. Bu anlamda Azərbaycan Cümhuriyyəti dedikdə ilk növbədə, gözlərimizin önündə M.Ə.Rəsulzadənin canlanması, ya da ilk olaraq onun adının yaddımıza gəlməsi təbiidir.

Sevindirici haldır ki, son zamanlarda başda Rəsulzadə olmaqla Cümhuriyyətin yaranmasında və inkişafında mühüm rol oynamış şəxsiyyətlərin, o cümlədən Ə.Topçubaşının, N.Yusifbəylinin, F.Xoyskinin, H.Ağayevin, C.Hacıbəylinin və başqalarının irsinin araşdırlmasına, onlara aid abidələrin qoyulmasına, həyatlarının səhnələşdirilməsinə, yaradıcılıqlarının nəşrinə tez-tez rast gəlirik. Bir sözlə, Cümhuriyyətin qurucusu və digər tanınmış simalarının həyat və fəaliyyətlərinin arşadırlması ya da onların irsinin gün işığına çıxardılması istiqamətində xeyli işlərin görülməsi inkarolunmaz faktlardır. Sadəcə, burada əsas məsələ heç bir əsas və səbəb olmadan bəzi hallarda obyektivlikdən kənara çıxılması da müşahidə edilir. Çox yazıqlar olsun ki, bəzi tədiqatçılar Sovetlər Birliyi dövrünün müstəmləkəçilik psixilogiyasından qurtula bilmədikləri üçün Cümhuriyyət ideyaları, onların tanınmış simaları, o cümlədən Cümhuriyyətin qurucusu Rəsulzadə ilə bağlı fikirlər, mülahizələr irəli sürərəkən qeyri-obyektivliyə yol verirlər. Xüsusilə də, yuxarıda dediyimiz kimi, Rəsulzadənin bu dövlətin qurucusu olması və "Azərbaycan" ideyasının müəllifliyini müxtəlif üsullarla inkar etməyə çalışanlar var. Hesab edirəm ki, bütün dünya ölkələri, onların tanınmış dövlət xadimləri, tədqiqatçıları Rəsulzadəni Azərbaycan Cümhuriyytinin banisi və ilk dövlət başçısı kimi qəbul etdiyi halda, bunun əksini ortaya qoymaq cəhdləri çox yanlış və qəbuledilməzdir.

- Faiq bəy, Cümhuriyyət tarixi ilə bağlı arxiv sənədlərinin araşdırılması davam etdirilməlidirmi?

- Şübhəsiz, bu istiqamətdə görülməli çox işlər vardır. Əslində Cümhuriyyətlə bağlı ortaya çıxan hər bir arxiv sənədi onun Azərbaycan türkləri üçün hansı dərəcədə mühüm rol oynamasını da ortaya qoyur. Əlbəttə, burada əsas məqsəd o arxivləri yalnız aşkar etmık deyil, eyni zamanda həmin arxivləri cəmiyyətə necə təqdim etmək də çox vacibdir. Xüsusilə, Böyük Britaniya, ABŞ, Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti və bu kimi dövlətlərdə Cümhuriyyətlə bağlı arxivlərin yenidən işlənməsinə və obyektiv şəkildə cəmiyyətə çatdırılmasına ciddi ehtiyac vardır. Hesab edirəm ki, müvafiq elmi orqanlar və təşkilatlar Cümhuryyət dövrünün fəlsəfəçilərinin, tarixçilərinin, dilçilərinin, ədəbiyyatçılarının, iqtisadçılarının bu arxivlərlə daha yaxından tanış olmalrı üçün şərait yaratmalıdırlar. Doğrudur, bu istiqamətdə müəyyən işlər getmişdir və gedir də. Ancaq bu məsələ ilə birbaşa bağlı olan tədiqatçılara hər cür dəstəyin verilməsi Cümhuryyətimizlə bağlı hələ də aşkara çıxarılmayan sənədlərin tədqiqi baxımdan önməli olacağını düşünürəm.

 - Cümhuriyyətimizin tarixi gənc nəsillərə nə dərəcədə təbliğ edilir?

- 1918-ci il mayın 28-də Böyük Azərbaycanın kiçik bir hissəsində qurulan Azərbaycan Cümhuriyyətinin dərki indiki nəsil üçün çox vacibdir. Çünki mayın 28-də qurulan Azərbaycan Cümhuriyyəti ərazisi və əhalisinin sayı baxımdan nə qədər kiçik görünsə də, ancaq qarşıya qoyulmuş böyük hədəfinə görə isə çox böyük və müqəddəsdir. Ancaq bu məsələdə hələ də, bir sıra problemlər vardır. Xüsusilə də, Azərbaycan xalqının tarixi ilə bağlı Avropa-Rus tarixçiliyinin yanlış olaraq ortaya atdığı bir çox uydurmalar var ki, hələ də ondan qurtulmuş deyilik. Məsələn, bu uydurmalardan birinə görə, Azərbaycan xalqı guya, əsrlərboyu daim başqa xalqların əsarəti altında olmuş, 19-cu əsrdə təşəkkül tapmış və 20-ci əsrdə isə müstəqilliyini əldə etmişdir. Şübhəsiz, bu cür uydurma tarixçiliklə Azərbaycan xalqı, onun yeni nəsli özünə inamla baxa bilməz. Yeni nəsil bilməlidir ki, Azərbaycan Cümhuriyyəti Azərbaycan türklərinin bu coğrafiyada yaratdığı dövlətlərdən yalnız biridir. Yəni Azərbaycan Cümhuriyyətinə qədər mövcud olmuş Aratta, Kuti, Turuk, Oğuz, Subar, Manna, Midiya, Xəzərbaycan/Azərbaycan, Xəzərlər, Sacilər, Azərbaycan Atabəylər, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və digər dövlətlər də onların öz doğma dövlətləri olmuşdur. Bu gün onların "İran" ya da başqa adlar altında yadlaşdırlması qətiyyən doğru deyildir. Ən əsası odur ki, yeni nəsil Azərbaycan dedikdə, yalnız indiki Azərbaycan Respublikasını görməməli, Böyük Azərbaycan ideyasına sahib çıxmalıdır. Əks təqdirdə Böyük Azərbaycanın kiçik bir hissəsinə çıxan nəsilin özü də kiçik hislərə məhkum olacaqdır. Bu, yol verilməzdir. Azərbaycan türk gənci 50 milyonluq bir xalqın zərrəsi olduğunu qətiyyən unutmamalı və özünün böyük bir xalqın təmsilçisi kimi dərk etməlidir. Heab edirəm ki, yalnız Böyük Azərbaycan ideyası bizləri itirlmiş torpaqlarmızın hər bir qarışını geri qaytarmağa sövq edəcəkdir.

Nigar Adil