Elnur Zeynalov hesabat verdi

13 İyun 2018 16:28 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzinin və "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının birgə "Vətənimdir Azərbaycan" adlı layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Olaylar.az bildirir ki, layihənin məqsədi Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını tanınmış xanəndələrin ifasında yeni nəsilə çatdırmaqdan ibarətdir.

Layihə çərçivəsində növbəti konsertdə "Nur" instrumental ansamblı müşayiəti ilə Dövlət Akademik Opera və Balet Teatrının solisti,Əməkdar artist, xanəndə Elnur Zeynalov çıxış  etdi.

Ansamblın bədii rəhbəri, tarzən Sənan Əliyevdir.

Xanəndəni çəngdə Əməkdar artist Fəzilə Rəhimova, kamançada Anar Yusubov, nağarada Xəyal Abbasov,qanunda Samirə Əliyeva, zərb alətində Elvin Həmidov,elektro-pianinoda Vüsal Hüseynov, udda Fərhad Qədirov, qoşa nağarada Eyyub Məhərrəmli müşayiət ediblər.

Konsertdə  Elnur Zeynalovun ifasında xalq mahnıları,  təsniflər, klassik Azərbaycan bəstəkarlarının mahnıları səslənib. Gecədə ifaçı muğam müsabiqəsinin qalibi Səbinə Ərəbli, Ayşən Mehdiyeva ilə birlikdə maraqlı duetlər ifa ediblər.

Konsertdə Xalq artisti, professor Mənsum İbrahimov xanəndə Elnur Zeynalov haqqında ürək sözlərini bildirib və ona gələcək yaradıcılığında uğurlar arzulayıb.