Sığorta şirkətlərinin fırıldaqları – Sürücülər boğaza yığılıb

31 May 2018 09:00 (UTC+04:00)

Uzun illərdir ki, sığorta şirkətlərindən müxtəlif şikayətlər edilir.Zərərçəkmiş şəxslər tərəfindən sığortaçıların min bir bəhanə gətirərək dəymiş zərəri ödəməkdən qaçdığı barədə iddialar səslənir. Minval.info xəbər verir ki, elə ötən gün Lənkəran rayon sakini Amid Nazim oğlu Həsənov "report"a açıqlamasında sığorta şirkətinin avtomobilinə dəymiş ziyanın heç 1/5-ni ödəmədiyini deyib: "Maşınıma 5 min manata yaxın ziyan dəyib, ancaq şirkət 975 manat pul ayırıb. Bu pula avtomobili təmir etdirmək qeyri-mümkündür".

Zərərçəkmişin şikayəti isə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindəndir ("Azərsığorta"). "Azərsığorta"dan isə bildirilib ki, şirkət müəyyənləşdirdiyi sığorta ödənişi məbləğinə tam cavabdehdir, çünki həmin məbləğ təmir xidməti ilə birlikdə hesablanır: "Təmir xidməti hesablanmış məbləğə avtomobili təmir edəcəyini bildirdikdən sonra, həmin məbləği vətəndaşa təklif edirik. Vətəndaşların istəyi ilə təmir bir neçə yerdə həyata keçirilə bilər".

Sığorta şirkəti hesablamanın düzgün aparıldığını desə də, nəticə də yenə də vətəndaşın narazılığı qalır. Bəs tərəflər arasında bu cür konfliktlərin yaşanmaması üçün bu məsələlər necə həll edilməlidir?

Sığorta şirkətinin dəymiş ziyanı hesablama qaydaları barədə Minval.info-ya danışan nəqliyyat üzrə eskpert Ərşad Hüseynov bildirib ki, hazırda hər bir şirkət öz arşınına görə qiymətləndirmə aparır:

"Qanunvericiliyə əsasən, indiki dövriyyəyə uyğun, ağlabatan bir qiymət müəyyən edilməlidir. Bu dəymiş zərərin miqyası isə qiymətverici tərəfindən ölçülməlidir. Bizim sığorta şirkətlərinin ən əsas çatışmazlığı budur ki, hər kəsin etibar etdiyi, düzgün meyarları olan bir qiymətləndirici qurum yoxdur. Bütün problemlər də buna görə yaranır. Avtomobillərin növündən, markasından, istehsal ili və ölkəsindən, göstəricilərindən asılı olaraq müxtəlif qiymətlər var. Xidməti göstərən servisin yerləşdiyi yer, texnoloji təchizat səviyyəsi də dəymiş zərərin müəyyən edilməsi üçün əsas götürülür".

Problemin aradan qaldırılması üçün ekspertin təklifi obyektiv qurumun yaradılmasıdır:

"Yaxşı olardı ki, vahid, akkreditasiya olunmuş, sertifikatlı bir qiymətləndirici təşkilat yaradılsın və dəqiqə yaxın, ortaq məxrəcə gətirilmiş qiymətləndirmə meyarı müəyyənləşdirilsin. Ancaq hazırda praktika belədir ki, sığorta şirkətlərinin daimi əməkdaşları var. Təəssüf ki, sığorta şirkətlərinin hamısı yox, ancaq çoxları həmin əməkdaşlarının köməyi ilə öz mənafelərinə uyğun qiymətlər qoyurlar. Buna görə də mübahisələr yaranır. Təbii ki, sığorta şirkətinin xidmətindən istifadə edən şəxs məhkəmə qarşısında iddia qaldıra bilər, ancaq bu prosedurlar həmin tərəf üçün baş ağrısına çevrilir".

Beynəlxalq təcrübəyə gəldikdə isə mütəxəssis söyləyib ki, dünyada da, əsasən, bu cür obyektiv, öz bazar payı üçün düzgün çalışan təşkilatlar mövcuddur: "Bu təşkilatlardan kənar, bəzi ölkələrdə isə, heç qiymətləndirmə aparılmır, elə şirkət maşını ağlabatan, keyfiyyətli şəraitdə təmir etdirib sahibinə geri qaytarır".

Həmin qurumların statusu barədə isə Ərşad Hüseynovun fikrincə özəl təşkilat olması daha məqbuldur:

"Belə təşkilatın dövlət tərəfindən yaradılması arzuolunan deyil. Birincisi, dövlətin yükü artır, ikincisi belə məsələləri tənzimləmək dövlətin funskiyası deyil. Yaxşı olar ki, sanballı, ixtisaslı özəl qurumlar fəaliyyətə başlasın. Dövlətin də funksiyası onlara nəzarət etməkdir".