Göygöldə Uşaq Paralimpiya İdman Festivalı təşkil olunacaq

16 May 2018 18:41 (UTC+04:00)

"BP Azərbaycan" şirkətinin dəstəyi və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə iyunun 6-8-də Göygöl Olimpiya İdman Kompleksində Uşaq Paralimpiya İdman Festivalı keçiriləcək.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunacaq festivalda sağlamlıq imkanları məhdud 110 uşaq cüdo, üzgüçülük, boccia, qolbol, stolüstü tennis, taekvondo, əlil arabasında idman rəqsi və pauerliftinq paralimpiya idman növləri üzrə yarışacaq.

Yarışlarda Gürcüstandan olan paralimpiyaçı idmançıları da iştirak edəcəklər.

Festivalın açılış mərasimi iyunun 7-də saat 10:00-da Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək. Açılış mərasimində əyləncəli musiqili proqram təşkil olunacaq.

Qeyd edək ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir. 2015-ci ildən başlayaraq, hər il respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir.

AZƏRTAC