Yerevanda iğtişaşlar davam edir: 3 polis yaralanıb

16 Aprel 2018 17:59 (UTC+04:00)

Yerevanda Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edən aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma davam edir.

Məlumata görə, iğtişaş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.Bundan əvvəl deputat Nikol Paşinyan tərəfdarları ilə birgə Ermənistan parlamentinin binasına soxulmağa çalışmış, lakin polis bu cəhdin qarşısını almışdı. Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

Aprelin 14-də Ermənistanın hakim Respublika Partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir. Trend.az