AŞPA-nın növbəti sessiyası başlayır

16 Aprel 2018 15:35 (UTC+04:00)

Aprelin 23-27-də AŞPA-nın növbəti sessiyası Strasburqda işinə başlayacaq.  "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən qurmmdakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Vüsal Hüseynov deyib ki, bu sessiyanın gündəliyində qeyri-leqal qazanılmış aktivlərin (əmlakın) müsadirəsi yolu ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, İŞİD terrorist qruplaşmasının maliyyələşməsi, hibrid müharibə zamanı hüquqi çətinliklər, Avropa İnsan Hüquqları Konvensiyası öhdəliklərindən geri çəkilmə məsələləri və insan hüquqları ilə bağlı öhdəliklər, jurnalistlərin statusu və jurnalist etikası ilə bağlı mövzular yer alır və müzakirə ediləcək: " Həmçinin gündəlikdə Avropa Şurasının Liviyadakı rolu, Avropada məcburi köçkünlərin humanitar ehtiyacları, iqlim dəyişikliyi və Paris müqaviləsinin icrasına dair məruzələr var.
"Avropada antisemitizm, islamafobiya və ksenofobiyanın artması: Avropa dəyərlərinə təhlükə" və "Müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikası ərazisində qeyri-qanuni olaraq Rusiya Federasiyası Prezident seçkilərinin keçirilməsi: insan hüquqları pozuntusu" mövzuları üzrə müzakirələrin keçirilməsi üzrə təkliflər baxılmaqdadır. Makedoniyanın və Lüksemburqun xarici işlər nazirləri Assambleyada çıxış edəcək və AŞPA üzvlərinin suallarını cavablandıracaqlar".