Bəndəlik ruhiyyəsinin açarı

13 Aprel 2018 11:32 (UTC+04:00)

Bismilləhir-Rahmənir-Rahim!

Allaha ibadət edən insanın ruhiyyəsi bir gün yuxarı, bir gün aşağı olur. Bir gün bəndəlik ruhiyyəmiz yuxarı səviyyəyə qalxır, bir gün aşağıya enir. Biz nə edək, hansı vasitələrdən istifadə edək ki, bəndəlik ruhiyyəmiz, mənəvi ruhiyyəmiz, Allaha ibadət ruhiyyəmiz yüksək olsun?

Bu, istisnasız olaraq hər bir səmimi dindarı, Allah bəndəsini düşündürən məsələdir. Yaşından, məsləkindən, məşğuliyyətindən asılı olmayaraq hər bir iman əhlini ən çox düşündürən məsələ budur ki, nə edək ki, gündəlik həyatımızda mənəvi ruhiyyəmiz yuxarı olsun?

Bəndəlik ruhiyyəsini artıran amillər

Başadüşülən budur ki, bu, öz-özünə əmələ gələn mövzu deyil. Yəqin xüsusi bir çalışmalar olmalıdır ki, həmin mənəvi ruhiyyə insanda daim yuxarı həddə olsun. Bir neçə tövsiyə var ki, bunlara riayət etmək mənəvi ruhiyyənin yüksəlməsinə səbəb olur. İnsanın mənəvi ruhiyyəsinin yüksəlməsinə səbəb olan çox önəmli məsələlərdən biri - vaxtında qılınan namazdır. İnsanın mənəvi ruhiyyəsinin ali olmasına ən ciddi təsiri olan mövzulardan biri - namazın əvvəl vaxtda qılınmasıdır.

İkinci mühüm amil - o müstəhəblərdir ki, insana müsbət təsir qoyur. Vacibatlar belədir ki, istər müsbət təsir qoysun, istər qoymasın - bunlara əməl olunmalıdır. İnsan mütləq haramlardan çəkinməlidir və vacib ayinlərə əməl etməlidir. Burada birmənalılıq var.

Belə bir analogiya apara bilərik: biri xəstədir və adi sağlam insanın yediyi yeməyi yeyir, amma ona acı gəlir. Beləcə də, insan ola bilər ki, qəlbən xəstə durumda olsun, etdiyi ibadətlər onun ruhiyyəsini yüksəltməsin. Vacibatlar bu qida kimidir ki, insan bu qidanı mütləq şəkildə qəbul etməlidir - istər ləzzət versin, istərsə də verməsin.

Amma o müstəhəb əməllər ki, insan onlardan ruhiyyə alır, insana müsbət enerji, mənəvi güc verir - belə müstəhəb işləri həyata keçirmək lazımdır. Hansı müstəhəb işlər ki, insanı əksinə olaraq yorur və onu ürəklə etmir - müəyyən müddət onlardan fasilə saxlamaq lazımdır.

İnsanın ünsiyyət və bağlantıları

Üçüncü amil - Allah kitabı olan Qurani-Kərimlə ünsiyyətdir. Hər kəsin öz həddində, öz tutumunda gərək ki, Rəbbi ilə ünsiyyəti olsun. Allah Kitabı ilə ünsiyyət insanın bəndəlik ruhiyyəsini diri saxlayar.

Dördüncü amil - insanın Əhli-Beyt (ə) ilə bağlantısının olmasıdır. Əhli-Beytə (ə) təvəssül etmək insanda iman ruhiyyəsini artırar. İnsanın gün ərzində Əhli-Beytlə (ə), Məsumlarla (ə) bir rabitəsi olmalı, təvəssülü olmalıdır.

Bəndəlik ruhiyyəsini artıran beşinci mühüm amil - hər zaman dəstəmazlı olmağa çalışmaqdır. Bu halda olmağa çalışmaq, bu durumda olmağa qərar vermək lazımdır.

İnsanın bəndəlik ruhiyyəsini artıran ciddi amillərdən biri - ziyarətdir. İnsanın dünyadan getmiş möminləri, şəhidləri, alimləri ziyarət etməsi onun imanına çox böyük təsir qoyur. Nəhayətdə, insanın onun da son mənzili olacaq qəbiristanlığa baş çəkməsi - onun imanının artmasına səbəb ola bilər. Bu, insana onun öz ölümünü yada salacaq. Ölümü yada salan insan isə mütləq əbədi həyatda ona lazım olacaq azuqə barədə qayğılanacaq.

Yeddinci amil - mənəviyyat yükü olmayan məclisləri tərk etməkdir. Mənəviyyat yükü olmayan, boş, bihudə məclisləri tərk etmək insanı daha imanlı, təqvalı edə bilər. O məclislər ki, orada dünyaya vurğunluq aşılanır, orada olarkən insan əbəs işlərlə məşğul olur, orada Allah yad olunmur və onların heç bir mənəvi yükü yoxdur - insan o məclislərdən fasilə saxlamalıdır. Əgər fasilə saxlaya bilsə, bəndəlik ruhiyyəsi artar.

Mütaliə vərdişləri

Mütaliə, dərs öyrənmək, elmi araşdırmanın olması da insanın imanının güclənməsinə təsir qoyur. Nə həddə olursa-olsun, mömin beşikdən qəbrə qədər elm öyrənməli, öyrənməyə, biliyə can atmalıdır, mütaliə etməlidir. Bunsuz din yoxdur.

İmanı gücləndirən digər mühüm amil - minbər məclislərində iştirakdır. Moizə dinləmək, xütbə dinləmək insanın bəndəlik ruhiyyəsinin artmasına səbəb olur. Əhli-Beytin (ə) zikri olunan, onlar xatırlanan məclislərdə iştirak etmək insanın ruhiyyəsini xeyli yüksəldir. Mövlud, şəhadət tədbirləri və bütün bu kimi dini yaşadan mərasimlərdə, tarixlərdə iştirak etmək də insanın dindarlıq ruhiyyəsinin artmasına səbəb olar.

İnsanın dindarlıq ruhiyyəsini artıran önəmli amillərdən biri də günahdan çəkinməkdir. İnsan harada günahla sərhəddədirsə, orada dayanmalı və tələsməməlidir. Çünki tələsən zaman insanın günah etmək potensialı bir o qədər artır. Eyni zamanda günahdan tövbə ruhiyyəsinin olması da bunun içində olmalıdır.

Bir mühüm amil də uzun arzuları tərk etməkdir. Uzun arzularla bəndəlik ruhiyyəsi bir yerdə ola bilmir. Uzun arzuları tərk etmək bəndəlik ruhiyyəsinin artmasına təsir edir.

Növbəti bir amil isə mənəvi məkanlarda - camaat namazlarında, dualarda, mərasimlərdə iştiraka can atmaqdır. Bunun özü insanın mənəvi ruhiyyəsini artırır.

Yeri gəlmişkən, İmam Əlidən bu mövzuda nəql edilən hədisə toxunaq. Əziz İmam (ə) buyurur: "Mömin davamlı olaraq:

Allahı yada salar.

Çoxlu təfəkkür edər.

Nemətə şükür edər.

Giriftarlıqda səbirlidir".

Mülayim, zirək, səxavətli, pəhrizkar...

Yeri gəlmişkən, Məsumların (ə) möminin xüsusiyyətləri ilə bağlı buyuruşlarına diqqət edək.

Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur: "Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin..."

Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini...

Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır.

Xərci azdır, çox kömək və yardım edir...

İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür.

Gözləri aşağı baxır.

Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır.

Sözünü ölçüb-biçir və dilini lal edir...

Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə, inkar etmir.

Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir...

Dünyapərəstlərlə rəftar edəndə - onların ən zirəngi, axirət axtaranlarla olanda - onların ən pəhrizkarıdır".

Şükür, səbir, təmizlik, çalışqan...

Möminin tanıtımı ilə bağlı digər buyuruşlarda da çox incə məqamlara rast gəlinir.

İmam Əli (ə) buyurub: "Möminin sevinci üzündə, kədəri qəlbindədir. Sinəsi hər şeydən genişdir (çox hövsələli və geniş ürəklidir). Nəfsi isə hər şeydən xardır. Özünü yuxarı tutmağı sevmir və şan-şöhrətə nifrət bəsləyir. Qəm-kədəri uzun, himmət və çalışqanlığı yüksəkdir...

Sükutu çoxdur və vaxtı boş keçmir. Şükür edən və səbirlidir. Fikrə dalıb və (başqaları ilə) dostluğunda möhkəm olmağa hərisdir. Mülayim və mehribandır. İradəsi çaxmaq daşından da möhkəmdir, amma bununla belə, quldan da həqir və xardır".

İmam Əli (ə) buyurub: "Mömin şadlıq və asayiş zamanı şükür edən, bəla və çətinlik zamanı səbirli, naz-nemət içində olan zaman isə qorxu içindədir".

İmam Əli (ə) buyurub: "Mömin öz qəlbini alçaq şeylərdən təmizləmiş kəsdir".

İmam Sadiq (ə) buyurub: "Mömin yaxşı və xərci-zəhməti az olan bir yardımçıdır. Yaşayışını yaxşı idarə edir və bir dəlikdən iki dəfə sancılmır".

İmam Səccad (ə) buyurub: "Möminin beş əlaməti var:

- xəlvət və təklikdə olanda pəhrizkar olmaq,

- yoxsulluq zamanı sədəqə vermək,

- bəlalar müqabilində səbirlilik,

- qəzəblənəndə həlimlik və

- qorxu olmasına baxmayaraq, doğruçuluq".

İmam Sadiq (ə) buyurub: "Mömin o kəsdir ki, gəliri halal və pak, əxlaqı gözəl, batini sağlam və düz olsun, malının artığını (ehtiyacı olanlara) paylasın və çox danışmaqdan çəkinsin".

Allah-Təala bizləri möminlərdən qərar versin!

Ruhiyyəni artıran ən mühüm amil - vaxtında qılınan namazdır

Əslində bütün bu xüsusiyyətlərin bazasında namaz durur. Namaz - bəndəliyin açarıdır. Və qeyd etdik ki, insanın bəndəlik ruhiyyəsinə təsir edən ən ciddi amil - vaxtında qılınan namazdır. Namazın vaxtında qılınması üçün bir neçə məsələ olmalıdır.

Ən əsaslardan biri budur ki, insan Allah hüzurunda olmasının fərqində olmalıdır. İnsan fərqində olmalıdır ki, Allahın vacib etdiyi namazın vaxtıdır və o da Allahın buyurduğu əmrini yerinə yetirir. İnsanın diqqəti özündə olmalıdır, öz durumunda təmərküzləşməsi olmalıdır.

Görün nə qədər proses olmalıdır ki, insan namazını vaxtında qılsın. Vaxtında qılınan namaz öz-özlüyündə bir çox məsələləri həll edir. Dəstəmazlı olmağı, Allahı xatırlamağı təmin edir, Allahın vacibatına diqqəti, təvəccönü artırır, insanı laqeydlikdən, süstlükdən uzaqlaşdırır.

Əvvəl vaxtda qılınan namaz - axirətin dünyadan üstün olduğu qədər üstündür

Həzrət İmam Sadiqin (ə) nurani bir buyuruşundan başa düşülür ki, əvvəl və son vaxtda qılınan namazların bir-birinə münasibəti, axirətlə dünyanın bir-birinə olan münasibəti kimidir. Necə dünya axirətin yanında çox kiçik bir şeydir, axır vaxtda qılınan namaz da əvvəl vaxtda qılınan namazın yanında o cür çox kiçik bir şeydir.

Əziz İmam (ə) buyurur: "İlk vaxt qılınan namazın, vaxtın sonu qılınan namaz üzərində olan üstünlüyü, axirətin dünya üzərinə olan üstünlüyü kimidir". Yəni bir insan namazı əvvəl vaxtda və yaxud axır vaxtda qılırsa, bunun axır vaxta nisbətdə əvvəl vaxtda qılmağının üstünlüyü, axirətin dünyaya olan üstünlüyü kimidir. Heyifdir ki, biz bu cür imkanı, fürsəti əldən verək.

Həzrət İmam Baqirdən (ə) olan buyuruşdan başa düşürük ki, vaxtında qılınan namaz çox önəmli və əhəmiyyətli, həm də daha yaxşıdır. İmam (ə) buyurur: "Bil ki, həmişə vaxtın əvvəli daha yaxşıdır. Elə isə bacardığın qədər xeyir işə tələs. Allah yanında ən sevimli iş - az da olsa, insanın daim gördüyü işdir". Misal üçün, insan davamlı olaraq namazı əvvəli vaxtda qılır. Bu, Allah hüzurunda ən sevimli işdir. Buradan başa düşülür ki, namazı əvvəl vaxtda qılmaq - həm də ən xeyirli işə tələsməkdir.

Vaxtında qılınan namaz insanı qəflətdən ayıldır

İmam Baqirin (ə) digər bir buyuruşundan anlaşılır ki, vaxtında qılınan namaz insanın qəflətdən ayılmasına səbəb olur. Bizim bütün müsibətlərimiz ona görədir ki, biz qəflətdə oluruq və qəflətdə olanda ağıl sönür, insanın mənəvi ruhiyyəsi üstünlük təşkil etmir. Namazı əvvəl vaxtda qılmaq həm də insanı qəflət yuxusundan ayırır. İmam Baqir (ə) buyurur: "O mömin ki, vacib namazlarına əhəmiyyət verər və onları vaxtında qılar - qafillərdən deyildir".

Əziz İmamın (ə) da buyuruşundan bizlər başa düşürük ki, o mömin ki, vacib namazlarına əhəmiyyət verər - o, qafillərdən olmaz.

Həzrət İmam Sadiq (ə) buyurur: "Hər kim namazlarını əvvəl vaxtda qılar, ölüm mələyi vədə vermişdir ki, özü (kəlmeyi-) şəhadətlərini ona təlqin edəcək və şeytanı (lən) ondan uzaqlaşdıracaq".

Namazı əvvəl vaxtda qılmaq Allah yanında bu qədər dəyərə və hörmətə layiqdir.

Buradan belə başa düşülür ki, bizim bəndəlik ruhiyyəmizi artıran ən ciddi amillərdən biri - namazı əvvəl vaxtda qılmaqdır. Çünki namazı əvvəl vaxtda qılmaq öz ardınca bir çox məsələləri gətirmiş olar. O ev ki, orada əvvəl vaxtda namaz qılınar - o evdə səfa-səmimiyyət, bərəkət olar. O ev ki, orada namaz əvvəl vaxtda qılınar - böyük də, uşaq da, kişi də, qadın da, yaşlı da, cavan da toparlana - görün bu evdə necə bir bərəkət olar. Bu evin bütün ab-havası dəyişər. Bir iş yerində ki, möminlər namazın əvvəl vaxtında bir yerdə dayanarlar - bu iş mühitində hər zaman mehribançılıq və səmimiyyət hökmranlıq edər.

Allahım, bizlərə ruhiyyəmizi artıran amilləri tanıyıb, həyata keçirməyi nəsib et!

Allahım, bizlərə namazlarımıza diqqət etməyi, əvvəl vaxtda qılmağı nəsib et!

Allahım, bizə Səni daim xatırlamaq tövfiqini əta et! Amin!