İnsanları xurafata çəkmək meyilləri

10 Aprel 2018 13:58 (UTC+04:00)

Və ya bir mesajı 10 adama göndərmək yalanı

Hər nə qədər dini sahədə maarifləndirmə tədbirləri həyata keçirilsə, bu istiqamətdə müvafiq dövlət qurumları tərəfindən məqsədyönlü addımlar atılsa da, lakin hələ də bir qrup insanları xurafatdan, dindən uzaq olan hərəkətlərdən yayındırmaq o qədər də asan olmur. Günümüzdə sosial şəbəkələrin geniş yayılması isə xurafatın bir qədər də ayaq açmasına şərait yaradıb. Belə ki, son vaxtlar facebook və digər sosial şəbəkələrdə dini məzmunda göndərilən mesajlar və bunun paylaşılmasını tövsiyə edən xatırlatmalar bunun əyani sübutudur.  Din xadimıərinin əksəriyyəti bu kimi xurafatlara inanmamağı vətəndaşlara tövsiyə etsə də, lakin insanları bu kimi cəhalətdən uzaqlaşdırmaq günümüzdə qeyri-mümkün görünür. İlahiyyat üzrə fəlsəfə doktoru bu kimi mesajların yayılmasını qəti şəkildə pisləməklə bərabər, həmin insanların dinimizin qəbul etmədiyi yaıan danışmaqla məşğul olduqlarını da deyib: "Dinimizə görə yalan danışmaq böyük günahlardan sayılır. Allah təala mübarək kitabında və göndərdiyi elçisi hədislərində yalan danışmaqdan şiddətli şəkildə çəkindirib, yalançıların cəhənnəmdə olacaqlarını bildirib. Allah Rəsulunun əsas böyük tövsiyyəsi yalandan uzaq qalmaq haqqında olub". Əkrəm Həsənovun sözlərinə görə, bir vaxtlar Azərbaycanda evlərə guya Məkkədən hansısa şeyxdən gələn vərəqlər paylanırdı və həmin vərəqlərdə yazılırdı ki, bunu 10 nəfərə paylasan hansısa arzun həyata keçəcək: "Həmçinin sonralar bəzi mobil operatorlarda belə bir yalan mesajlar yayılmağa başlandı. İndi isə artıq müasir dövrümüzün tələbinə uyğun verən facebook, whatsapp, instaqram kimi sosial şəbəkələrdə belə yalan xarakterli məlumatlar paylaşılır. Məsələn bu günlərdə facebookda bir dostumun belə bir sözləri paylaşmasını oxudum: "Ayətu Allah-l-uzma şeyx Vahid Əlxorasani: Məhərrəm ayının birindən ta aşuraya qədər hər gün 100 dəfə ixlas surısini oxuyub savabını imam Huseynə bağışlasan Allah tərəfindən böyük mükafatlar görəcəksən ...bir şərtlə ki bu əməli başqaları ilə də paylaşın. Cəmi 10 dəqiqədə vaxtınızı alacaq". Bunu paylaşan dostuma belə şərh yazdım: "Əlbəttə dinimizdə belə Quran oxuyub savabını ölüyə bağışlamaq ixtilaflıdır. Bu barədə bəzi alimlər Allah Rəsulu belə etmədiyini deyiblər. Ancaq Allah Rəsulu qəbir üstünə gedəndə qəbirləri salamlayıb, onlara çoxlu dua etməyi bildirib. Dinimizdə hansısa imama və övliyaya 100 dəfə ixlas və digər surəli oxuyub bağışlamaq cəfəngiyyatdır. Çünki, şəriətdə bunu etməyə heç bir dəlil sübut yoxdur. Əksinə belə etmək bidər (dində yenilik) sayılır. Çəkinmək lazımdır. Salavata gəldikdə salavat peyğəmbərə, səhabələrinə, əhli beytinə ümumən şəriətimdə demək icazəlidir. Allah daha düzünü bilir". İlahiyyatçı deyir ki, bu tipli mesajlarda həm yalanlar çox olur, həm şəriətimizdə əsli olmayan, heç bir dəlilə-sübuta dayanmayan uydurma, cəfəngiyyat yalanlar paylaşılır: "Həmçinin deyilən və ürəkdə tutulan arzu və istəklər də yerinə yetmir. İslam dininə görə bu icazəli deyil. Əksinə insanları aldatmaq və maddi gəlir əldə etmək üçündür. Bu bəzi insanların maddi gəlir əldə etməsi üçün bir vasitədir. Xüsusi ilə bu sözlərdən əsasən sosial şəbəkələrdə və mobil operatorlarda istifadə olunur. Bunlar hamısı yalan sözlər və xəbərlərdir ki, bununla həm insanların cibinə girirlər, həm vaxtlarını alırlar, həm də onlara maddi zərər vurmuş olurlar. Belə olduğu halda bunun həm dünyəvi cəhətdən zərərlərindən başqa, əsas da deyilən sözlər yalan sözlər olduğu üçün axirətə aid, şəriətə aid də bir çox zərərləri vardır. Çünki bu tipli mesajlar insanlara ancaq zərər gətirən mesajlardır. Hər hansısa bir şəxsə dostu tərəfindən belə sözlər gəlsə həmin şəxs ən yaxşı halda dostuna bunu özünə göndərməi qadağan etsin, ona bunun heç bir əhəmiyyətinin olmadığını, dinimizə görə bu mesajları paylaşmağın icazəli olmadığını bildirsin. Bu mövzuya eyni zamanda hansısa mobil operatorun müxtəlif firmalarla bağladığı qeyri-qanuni müqavilələr və həmin firmalardan gələn müxtəlif mesajlar da aiddir. Belə hallarda həmin mobil operatorlar və onlarla müqavilə bağlayan firmalar vətəndaşların istirahət hüququnu, telefon nömrələrinin toxunulmazlıq hüququnu, vətəndaşın icazəsi olmadan onun nömrəsini başqa şəxslərə verməklə vətəndaşın bütün digər hüquqlarını pozmuş olurlar. Bu da dünyəvilik və dinimiz baxımından kiminsə haqqına girmək, onun hüququnu pozmaq deməkdir. Müsəlmanlar belə yalan mesajları paylaşmaqdan çəkinməli, onlara belə yazan dostlarını bu işdən çəkindirməli, haqq və hüquqlarının əlindən alınmasına şərait yaratmamalıdırlar".

Füzuli