100 il əvvəl buraxılmış marka 305 min avroya satıldı

13 Mart 2018 18:59 (UTC+04:00)

Filatelist Lüdvik Pıtliçekin kolleksiyasında nominal dəyəri 4 kron olan, Çexoslovakiyanın 1919-cu ilə aid yaşıl poçt markası Praqa Bələdiyyəsinin binasında keçirilən hərracda 7,8 milyon krona (305 min avroya) satılıb.AZƏRTAC xəbər verir ki, lotun start qiyməti 4 milyon kron olub; mütəxəssislər isə onu 5-7 milyon kron civarında qiymətləndirirdilər. Ancaq real qiymət rekord qırıb.

Çexoslovakiyanın 1918-1939-cu illərə aid ən böyük marka kolleksiyasının bir hissəsinin təqdim olunduğu bu hərracda 1919-cu ilə aid nadir markanın satışı əsas hadisə olub.

Kolleksiyaçı Lüdvik Pıtliçek bu markanı 1996-cı ildə 2,6 milyon krona almışdı. Dünyada həmin markanın sonuncu dəfə 90 il əvvəl hərraca çıxarılmış cəmi bir nüsxəsi məlumdur. O, 1928-ci ildə Brno hərracında vyanalı filatelist Krausa 32 min krona satılmış, 1930-cu ildə Zdena Kratinanın kolleksiyasına daxil edilmişdi. 1945-ci ildə milliləşdirilmiş raritet Praqanın Poçt muzeyində saxlanılıb və dəfələrlə dünya sərgilərində nümayiş etdirilib. Sia.az