Arvadının adına kredit ayıran bank müdiri ilə bağlı — Qərar

13 Fevral 2018 17:23 (UTC+04:00)

Zaminbank ASC-də filial müdiri işləmiş Müşfiq Bayramovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Məlumata əsasən, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. 

İttihama görə, Zaminbank ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramov və bankın digər əməkdaşları Mübariz Gözəlov, Vasif Həsənov, Nalə İsgəndərov, Mehriban İsmayılova və Nuranə Kərimli sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda pulu mənimsəməkdə təqsirli biliniblər. 
Müşfiq Bayramov bankın filial müdiri olarkən öz şirkəti üçün də 253 min manat kredit ayırıb. Mirvari satışı ilə məşğul olan şirkəti özü təsis edib, direktoru isə həyat yoldaşı olub. Filial müdiri krediti həyat yoldaşının adına ayırıb. Sonradan bu məbləğ ödənilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar.

İstintaq dövründə Müşfiq Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, bankın digər 6 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslərin barəsində isə şərti cəza təyin edilib. 

Hökmdən narazı qalan Müşfiq Bayramov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. 

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Müşfiq Bayramovun apelyasiya şikayəti təmin edilməyib. Ölkə.az