Gəmiçilikdə “Təhlükəsizlik Günü” keçirilib

13 Fevral 2018 15:08 (UTC+04:00)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbər şəxsləri üçün "Təhlükəsizlik Günü" keçirilib. "OLAYLAR" Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, toplantıda ötən il dünya gəmiçiliyində qeydə alınan hadisələrə nəzər salınıb, onların başvermə səbəblərindən danışılıb, dənizçilikdə tətbiq olunan yeniliklər barədə iştirakçılara məlumat verilib. Tədbirdə ötən ilin IV rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələrin təsviri verilib. 2017-ci ilin noyabrında Gəmiçilikdə "Amerika Gəmiçilik Bürosu" (ABS) tərəfindən keçirilmiş xarici auditin nəticələri, son 3 ayda "Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi"ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar və idarələrdə 2017-ci ilin IV rübü üzrə KSƏTƏMM statistikası, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Tədbirdə baş verə biləcək hadisələrin qarşısını almaq üçün hazırlanan maarifləndirici materiallar (videoçarxlar, bülletenlər) nümayiş edilib, 2017-ci ildə görülən işlər və 2018-ci ildəki hədəflərimiz kimi mövzular diqqət mərkəzində olub.